15 sen 2023 14:32
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, kurslara 2000-ə yaxın müəllim cəlb olunub.
Keçirilən tədbirlərdə FHN-in Aran Regional Mərkəzinin, Elm və Təhsil Nazirliyinin Gəncə – Daşkəsən və Mərkəzi Aran Regional Təhsil idarələrinin, şəhər və rayon Təhsil sektorlarının və regionda fəaliyyət göstərən mərkəzi xəstəxanaların əməkdaşları iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.
Toplantıda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.