METBUAT.AZ

Ölkə

Azərbaycanda ikinci ödənişli yol

7 sen 2023 14:19

Yeni salınan Bakı–Quba–Rusiya avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsini müsbət dəyərləndiririk. Bunun bir çox aspektlərdə ciddi faydaları olacaq. Amma sərhədlər açılmasa, bu yolun rentabelli fəaliyyəti sual altında qala bilər.

Metbuat.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, hazırda ölkədə ikinci ödənişli yol kimi Bayıl və Zığ qəsəbələrini Xəzər dənizi üzərindən birləşdirən yolun tikintisinə daha çox ehtiyac var:

"Bakının avtomobil sıxlığını, Bayıldan Zığa aparan küçələrin əsasən alternativsiz olduğunu nəzərə alsaq, bu layihə paytaxtın “rahat nəfəs alması” üçün önəmli layihə olardı. Sürücülərin saatlarla tıxacda itirdikləri zaman bir yana, itirdikləri yanacağın kiçik bir hissəsi müqabilində ödəniş etməklə hər tərəfli faydalana bilərlər. Eyni zamanda layihəyə çəkilmiş xərc asanlıqla geri dönə bilər. Sonrakı uzun illər boyu da davamlı gəlir yeri olar. Ən əsası isə bu dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarına ən ciddi töhfə olar".

Ekspert önəmli məsələyə də toxunub: "Bir şərtlə ki, ödənişsiz yollar baxımsız saxlanılmamalıdır. Əks halda bu, ödənişli yoldan istifadə edənlərin sayının artırılması üçün insanların haqqına girmək olar. Bu isə nə hüquqi baxımdan, nə də mənəvi baxımdan yolverilməzdir".


metbuat.az.