12 sen 2023 12:47
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı ilə təşkil olunmuş ilk Sığorta Festivalının təntənəli bağlanış mərasimi Gəncə şəhərində keçirilib.
ASA-dan Metbuat.az-averilən məlumata görə, tədbirdə Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun, habelə sığorta şirkətlərinin rəhbərləri, o cümlədən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak ediblər.
Tədbir çərçivəsində Gəncə sakinləri üçün müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı ölkədə həyata keçirilən “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib.
Festivalda sığorta şirkətlərinin nümayəndələri də iştirak ediblər və tədbir gedişatında iştirakçılara yerində sığortalanmaq imkanı yaradılıb.
Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.