6 sen 2023 11:55
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Regionlardan da Bakıya tələbə axını başlayıb. Bu il Bakı yolları və nəqliyyat infrastrukturu yeni tıxac mövsümünə nə qədər hazırdır?
Metbuat.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, Abşeron aqlomerasiyasının küçə-yol şəbəkəsində mobilliyə təsir edən əsas amillərə nəzər yetirəndə mənzərə xeyli aydınlaşır. Vəziyyət elə də ürəkaçan deyil. Ekspert bunun səbəblərini belə izah edir:
"Yollarda tıxac yaranmasını stimullaşdıran əsas amillərdən biri olan məskunlaşma ilə bağlı məsələ bir az da qəlizləşib. Yəni Bakı ətrafında bəzi yaşayış massivləri bir az da sıxlaşıb, rayonlardan paytaxta gələnlər də yəqin ki, azalmaz, əksinə artar. Xarici ölkələrdən Vətənə qayıdanlar da böyük ehtimalla artıb. Bunun qarşlığında yenə də əsas iş yerləri şəhərin daxilindədir. Periferiyalarda məktəb çatışmazlığı daha da qabarıq görünəcək yəqin ki. Deməli, şəhərə giriş yollarında hərəkət intensivliyi artacaq. Bundan başqa, son bir ildə ölkəyə 70-80 min minik avtomobili gətirilib, əksəriyyəti də Bakıya və Abşeron aqlomerasiyasına. Deməli, küçələrə çıxacaq avtomobillərin sayı da artıb".
Onun sözlərinə görə, ""Xocəsən" istifadəyə verilsə də, onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir. O,bu il qatarların hərəkət qrafiki və digər amillərin yerində qaldığını, avtobus parkının yenilənmədiyini qeyd edib:
"Bakının və yaşayış yerlərinin digər məntəqələrinin avtobus marşrutlarında isə geriləmə müşahidə edilir. Diqqət etsəniz, yollarda avtobusların azaldığını aydın şəkildə görə bilərsiniz. Bu, yəqin ki, avtobus parkının daha bir il köhnəlməsi, yeni avtobusların gətirilməməsi, mövcudların isə saz vəziyyətdə istismarının çətinlikləri ilə bağlıdır. Hər bir halda avtobus parkının vəziyyəti, onun perspektivi indiki durumda kifayət qədər bərbaddır. Son bir ildə aqlomerasiyanın küçə-yol şəbəkəsində ciddi bir yenilik baş verməyib".
Ekspertin sözlərinə görə, bəzi parklanma yerlərində ödənişlərin tətbiqi Bakının mərkəzi hissəsində parklanmaların idarə edilməsində tədricən irəliləyişə səbəb olmaqdadır. Parklanmaların düzgün təşkili, idarə edilməsi və zəruri nəzarət olsa, bəzi yerlərdə qanunsuz parklanmadan irəli gələn sıxlıq və tıxaclar azala bilər.
Ərşad Hüseynov bildirib ki, bu il bizi ciddi tıxaclar gözləyir:
"Qeyd edilənlər o deməkdir ki, bu il də aqlomerasiyada əsas mobillik vasitələrimiz fərdi avtomobillər və taksilər olmaqda davam edəcək. Bu isə onu deməyə əsas verir ki, bu il daha ciddi tıxaclara şahid olacağımız gözlənilir. Təəssüf ki, illərdir, bu məsələlərə yetərincə diqqət ayrılmır. Bu il Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam oldu. Amma hələlik bu Şuradan xəbər yoxdur (əsasnaməsi də təsdiq edilməyib). Amma gecikirik, çox gecikmişik. Ölkədə mobillik məsələsinə yenidən baxılmasa, bu sahəyə dövlət tərəfindən ciddi yatırım edilməsə, yığılıb qalan məsələlirin həlli ilə ciddi məşğul olunmasa, hər növbəti il daha pis mənzərəyə şahid olmaqda davam edəcəyik".
Gülər Seymurqızı