1 sen 2023 21:12
Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında və Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislər mükafatlandırılacaq.
Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 291 200 (iki yüz doxsan bir min iki yüz) manat vəsait ayrılıb.
Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi və ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə və ödənilməsinə dair qaydanı 15 gün müddətində hazırlayıb təsdiq etməli, ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.