METBUAT.AZ

Siyasət

"Bütün dünya Ərdoğanın Putinə istəklərini ifadə edə bilən lider olduğunu gördü" -

6 sen 2023 11:26

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşdə əsas müzakirə mövzularından biri də "Taxıl dəhlizi" razılaşması barədə oldu.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan çıxışında "Taxıl dəhlizi" ilə bağlı gündəmə gətirilən alternativ təkliflərin Qara Dəniz Taxıl Təşəbbüsü kimi davamlı, təhlükəsiz və tərəflər arasında əməkdaşlığa əsaslanan bir formul təqdim edə bilmədiyini vurğulayıb. Rusiya Prezidenti Vladimir Putin isə qərb tərəfdaşlarının Rusiyanı aldatdığını dilə gətirərək bildirib ki, "Taxıl dəhlizi"ni davam etdirmək üçün səy göstərəcəklər.

Vəziyyət barədə Metbuat.az-a açıqlama verən Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç bildirdi ki, yaxın gələcəkdə Taxıl Dəhlizi yenidən dirçələcəkdir.

“Rusiya prezidenti Vladimir Putinin də bu dəhlizin yenidən açılması üçün müəyyən şərtləri var. Əgər bu şərtlər yerinə yetirilərsə, dəhlizin açılmasına qarşı çıxmayacaqdır. Nəticədə həm Rus taxılı, həm də digər kənd təsərrüfatı məhsulların maneəsiz şəkildə dəhlizdə satışa çıxacaqdır. Bildiyiniz kimi, 6 yoxsul Afrika ölkələsindən bir milyon ton buğda Qətərin əməkdaşlığı ilə Türkiyədə emal olunub una çevrildikdən sonra yenidən bu ölkələrə göndəriləcəkdir. Hesab edirəm ki, bu həmin kasıb ölkələr üçün böyük şans sayılmalıdır. Logistik məsələlər həll edilərsə biz də Türkiyə olaraq, bu məsələdə üzərimizə düşəni edəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Soçi görüşündə bu məsələnin müzakirəsi zamanı bildirdi ki, Rusiya, Türkiyə və Qətər Afrika ölkələrinə un göndərilməsində dəstək olacaq addımlar atmaqla Afrika ölkələrinin yanında olacaqlar”.

Türkiyə Azərbaycan və Rusiya münasibətlərinin xüsusilə vurğulandığı Soçi görüşündə gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələri xatırladan Hulusi Kılıçın fikirlərinə görə, bu səfər gözlənildiyi kimi missiyasını uğurla yerinə yetirdi:

“Soçi görüşündə bütün dünya Rəcəb Tayyib Ərdoğanın Vladimir Putin ilə görüşüb istəklərini aydın ifadə edə bilən lider olduğunu gördü. Bölgə üçün olduqca vacib məsələlər müzakirə edildi. Hər zaman deyirik ki, Azərbaycanın olmadığı yerdə Türkiyə əksinə Türkiyənin olmadığı yerdə Azərbaycan yoxdur. Türkiyə prezidentinin Azərbaycanla bağlı bir çox məsələyə toxunduğu dilə gətirilib. Soçidə Türkiyə tərəfsiz ölkə olduğunu Qərb və Rusiya arasında vasitəçilik etməklə hər zaman sülhü və sabitliyi dəstəklədiyini sübut etdi. Ümid edirik ki, bu görüş Türkiyə - Azərbaycan və Türkiyə - Rusiya münasibətlərinə müsbət töhfələr verərək bölgədə rifahı yüksəldəcəkdir,- deyə Hulus Kılıç qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.