METBUAT.AZ

Siyasət

Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə görüşdü

21 sen 2023 21:27

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barəcə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Bölgədə sülh və sabitliyin bərqərar olmasına ən böyük maneələrdən biri kimi 30 ilə yaxın işğalın qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinə qarşı tərəfimizdən görülən antiterror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, sözügedən tədbirlər çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tərəfimizdən bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Ermənistan tərəfindən sülh prosesini, eləcə də erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasını ləngitmək, beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə aparılan qarayaxma kampaniyası çərçivəsində səslənən, bölgədə guya “humanitar böhran”, “blokada” olması ilə bağlı iddiaların əsassız olduğu vurğulanıb.

Bu yaxınlarda Azərbaycan tərəfindən uzun müddətdir təklif və təşviq edilən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni zamanda açılması təklifinin həyata keçirilməsinin, əslində məsələnin həllinin lap əvvəldən danışıqlar masasında olduğunun, lakin bunun Ermənistanın və qondarma rejimin maraqlarına xidmət etmədiyi üçün süni maneələr vasitəsilə gecikdirildiyini göstərdiyi bildirlib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


metbuat.az.