5 sen 2023 10:53
Azərbaycanda geniş auditoriyası olan "TikTok" sosial şəbəkəsində dezinformasiyaların sayı gündən-günə artıb. Son günlər Azərbaycan - Ermənistan şərti sərhəddində baş verən hadisələr fonunda feyk xəbərlər yayılaraq əhalidə təşviş yaradılır. Dünyanın bir çox ölkəsində bu hallar nəzərə alınaraq "TikTok"a məhdudiyyətlər qoyulur. Bəs Azərbaycanda?
Metbuat.az-a danışan deputat Fazil Mustafa deyir ki, bütün hallarda sosial platformanın qapadılması barəsində düşünmək yanlışdır. Əsas məsələ insanların bu platformalardan düzgün istifadəsini təmin etməkdir:
"Yəni bu, bir nemətdir və bunu bizə bəxş ediblərsə, bizim ümumi mədəni səviyyəmizin aşağı olması bundan nataraz formada istifadə etməyimizə gətirib çıxarır. Maşın da qəza törədir, onda avtomobil sürməyi qadağan eləmək lazımdır? Təyyarə qəzaya uğrayır, təyyarəyə minməyi qadağan eləmək lazımdır? Televiziya tutaq ki, hansısa bir veriliş verir, televiziyanı, ümumiyyətlə silib-süpürmək lazımdır? Belə şeylər olmaz. Ümumiyyətlə, biz cəmiyyətimizin daha çoxu düşünən insanların sayını artırmalıyıq ki, bu bayağılılığa meyl etməsinlər. İnsanımızın böyük əksəriyyəti bayağılıq, lağlağı, səviyyəsiz söhbətlərə qulaq asmaq istəyir. Bu zaman da belə sosial şəbəkə platformalarının qadağına edilməsinə tələbat yaranır. Nə olacaq? Yenə məhəllədə, küçədə eyni davranışları davam etdirəcək. "Tiktok"da, "Facebook"dan sağlam kontentin paylaşılmasını təmin etmək lazımdır".
Onun sözlərinə görə, insanların aydınlaşdırılması istiqamətində sistemli iş aparılmır. Deputat bildirir ki, "TikTok"un qadağan edilməsi ilə bağlı Milli Məclisdə məsələ qaldırmağa dəyməz:
"Bu baxımdan da sosial şəbəkənin təsiri altında bu cür təhsilsiz, dünyagörüşü, dar olan insanlar belə bir istiqamətdə əxlaqsız, yaxud da cəmiyyətin dövlətin problemlərini bir az daha yanlış şəkildə təqdim edən bir üslubu həyata keçirirlər. Bu da yolverilməzdir. Hər halda bu dövlət sirri, yaxud da müharibə və başqa təxribat xarakterli addımlar varsa, buna hüquq mühafizə orqanları öz mövqeyini bildirməlidir. Amma bütövlükdə, yəni qadağan eləmək barədə düşünmək yanlışdır. Bu, Milli Məclisdə səsləndirməyə də dəyməz".