30 sen 2023 09:19
44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan ordusunun bəzi taktiki-manevr planları məlum olub.
Metbuat.az xəbər verir ki, bu barədə “Xəzər TV”də yayımlanan “Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilib.
Bütün savaşların dönüş nöqtəsi olduğu kimi, 44 günlük vətən müharibəsinin də taleyini həll edən əməliyyat var. Təbii ki, bu da Şuşanın işğaldan azad edilməsi oldu. Dünyanın aparıcı hərbi araşdırma mərkəzlərinin hələ də analiz etdiyi bu əməliyyatın da uğurlu alınmasında mühəndis-istehkamçılar əvəzsiz rol oynayıblar. Kəlbəcər istiqamətində yollar qardan təmizləndiyi kimi Şuşa ətrafında da bu cür tapşırıqlar yerinə yetirilməli idi. Bu istiqamətdə isə vəziyyət tam fərqliydi. Çünki mühəndis-istehkamçılar burada dağlıq-meşəlik ərazidən yol açmalı idilər. Ərazidə havadan və yerdən kəşfiyyat aparılıb, müvafiq qərar qəbul edilib. Əlverişisiz hava şəraitində mürəkkəb relyefli ərazidə yol açmaq mühəndis qoşunları üçün elə də çətinlik yaratmırdı. Çünki uzun illər keçirilən təlimlərin məqsədi bu günə hazır olmaq idi. Onlar hətta gecə saatlarında işıqsız fəaliyyət göstərməyə də öyrəşmişdilər.