25 sen 2023 11:48
Xəbər verdiyimiz kimi bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana səfər edir.
Metbuat.az xəbər verir ki, Türkiyə mediası Ərdoğanın Naxçıvan səfərinin detallarından yazıb. Məlumata görə, Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatından dərhal sonra baş tutacaq səfərin əsas gündəm mövzusu Zəngəzur dəhlizi olacaq. İki liderin Azərbaycan torpaqları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin edəcək dəhlizin açılması ilə bağlı beynəlxalq ictimaiyyətə yeni mesajlar verəcəyi gözlənilir. Həmçinin, bir günlük səfər zamanı Ərdoğan həmkarı Əliyevlə birlikdə İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək. Bundan əlavə, modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksi istifadəyə veriləcək. Ərdoğan və Əliyev arasında Naxçıvanda keçiriləcək görüşdə iki ölkə arasında münasibətlər, hərbi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Azərbaycanın Ermənistana qarşı antiterror əməliyyatı və separatçı əsgərlərin tərksilah prosesi də müzakirə mövzusu olacaq.
Türkiyə mediası xatırladır ki, 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında imzalanmış müqaviləyə Zəngəzur dəhlizinin açılması ilə bağlı maddə əlavə edilib. Lakin üzərindən 3 il keçməsinə baxmayaraq, dəhliz hələ də açılmayıb.