20 sen 2023 14:57
“Azərbaycanın antiterror əməliyyatı ilə bağlı apardığı bütün işlər şəffaf həyata keçirildi. Bizim erməni mülki əhali ilə problemimiz yoxdur, hədəf terrorçudur, hərbi obyektlərdir və biz bundan kənara çıxmırıq”.
Bu açıqlamanı Metbuat.az-a millət vəkili Fazil Mustafa edib. Millət vəkili deyir ki, ya oradakı ermənilər terrorçuları tutub təhvil verməliydi, ya da biz bu məsələni bitirməliydik.
“Onların əlində heç bir bəhanə yoxdur. Qarabağda dinc yaşamaq əvəzinə gətirib mina quraşdırırlar, sonra da deyirlər ki, biz məzlum xalqıq, işiniz olmasın. Belə şey olmaz. Ya terrorçularınızı tutun təhvil verin, ya da biz bu işi həll edək. Nəticədə, həm sizin canınız, həm bizim canımız qurtarsın. Bununla da orada Azərbaycan dövlətinin konstitusion quruluşu təmin edərək Qafqaza sülhü gətirəcəyik. Məsələnin alternativi yoxdur. Azərbaycanın səbr kasası daşıb. Biz bu addımı məcburi olaraq atmağa başladıq. Terroru dayandıracaqları təqdirdə məsələ həllini tapacaq”,- deyə Fazil Mustafa bildirib.
Qeyd edək ki,qondarma rejimə bağlı Teleqram kanallarında yayılan məlumata görə, rejimin "rəhbərliyi" təcili iclas çağırıb. İclasda cinayətkar rejimin "rəhbəri" Şahramanyan bildirib ki, onlar "məcburi addımlar" atacaqlar.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Yevlaxda ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əhalisinin nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirib. Lakin antiterror tədbirlərinə son qoymaq üçün qanunsuz erməni silahlı birləşmələri ağ bayraq qaldırmalı, bütün silahları təhvil verməli, qanunsuz rejim isə özünü buraxmalıdır. Əks təqdirdə antiterror tədbirləri sona qədər davam etdiriləcək.
Gülbəniz Hüseynli / Metbuat.az