METBUAT.AZ

Siyasət

Ermənistan mediasının 3 aylıq mənzərəsi:

19 sen 2023 15:20

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTD İB) tərəfindən Ermənistan mediası üzərində aparılan 3 aylıq monitorinqin nəticələri göstərir ki, bu ölkənin KİV-ləri sülhyaratma prosesinin əleyhinə çalışırlar. 2023-cü ilin iyul-sentyabr aylarında həyata keçirilən monitorinqlər deməyə əsas yaradır ki, Ermənistanın media təmsilçiləri beynəlxalq prinsiplərə zidd davranırlar. Onlar öz cəmiyyətlərində sülhə meyl yaradılmasına deyil, əksinə, qisasçılıq hissinin artırılmasına stimul verirlər.

MİTD İB Ermənistan mediasının sülhyaratma dövründə yanlış yol tutduğunu, sülh əleyhinə çıxışların tribunasına çevrildiyini isbatlamaq üçün faktoloji mənbə yaradıb. Bu məqsədlə ingilis və rus dilində versiyası olan 3 Ermənistan KİV-i (1 müstəqil, 1 müxalifyönlü, 1 iqtidaryönlü KİV subyekti) monitorinqə cəlb edilib. Həmin KİV-lərdə dərc edilmiş sülh əleyhinə çağırışlar, Azərbaycana qarşı nifrət çıxışları toplanılaraq təsnifatlaşdırılıb. Sülh əleyhinə çağırışları ehtiva edən materiallardan ibarət olan hesabatlar hazırlanıb.

2023-cü ilin iyul ayı Ermənistanla Azərbaycan arasında aparılan 3 illik rəsmi sülh danışıqları prosesində yeni elementlərin üzə çıxması ilə əlamətdar olub. Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi brifinqdə Qarabağ regionunu Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisinin tərkib hissəsi kimi tanıdığını bəyan edib. Problem ondadır ki, iki ölkə arasında sülhün əldə edilməsi üçün mühüm elementə çevrilməli olan bu açıqlama Ermənistan mediasında kəskin əks reaksiya ilə qarşılanıb. Ermənistan mediası Nikol Paşinyanın bəyanatının qeyr-legitim olduğunu əsaslandırmaq yönündə fəaliyyət qurdu. Monitorinqə cəlb edilmiş Ermənistan KİV-lərinin heç birində 25 iyul bəyanatının təşviq edilməsi, həmin açıqlamanın sülh üçün fürsətə çevrilməsi müşahidə olunmadı. Əksinə, Ermənistan KİV-ləri sülh əleyhinə fəaliyyətləri ilə məşhur olan siyasi fiqurlardan müsahibələr alaraq dərc etməklə, sülh danışıqlarında irəliləyişin əldə edilməsini pozmağa çalışdılar. Məsələn, monitorinqini apardığımız KİV-lər Ermənistan parlamentinin spikeri Alen Simonyana istinadən məlumat yaydılar ki, guya Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır. Alen Simonyan çağırış edirdi ki, “Biz həmişə, hər dəqiqə hücuma hazır olmalıyıq”.

İyul ayı ərzində diqqət çəkən daha bir hadisə Laçın dövlət sərhədinin buraxılış məntəqəsində Vaqif Xaçaturyanın saxlanılması oldu. Vaqif Xaçaturyan 30 il əvvəl azərbaycanlılara qarşı Qarabağ regionunda törədilmiş soyqırımı aktlarının iştirakçısı olub. Şəxsən özü “Meşəli soyqırımı” adlandırılan qətliamı təşkil edib. Üzv olduğu cinayətkar dəstə ilə birgə Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə yaşadıqları yerdən didərgin salıb. Bu fəaliyyətinə görə haqqında cinayət işi açılıb, beynəlxalq axtarışa verilib. 2023-cü il iyulun 29-da Azərbaycan sərhədçiləri tərəfindən şəxsiyyəti müəyyənləşdirilərək Laçın sərhəd buraxılışı məntəqəsində saxlanılıb.

Ermənistan KİV-ləri Vaqif Xaçaturyanın saxlanılmasını obyektiv formada şərh edən, faktı hüquqi müstəvidə qiymətləndirən heç bir açıqlama yaymadılar. Dərc olunan bütün məqalələr Xaçaturyanın müdafiəsinə yönəldi.

2023-cü ilin iyul ayında keçirilmiş monitorinqlərin nəticəsi olaraq Ermənistan mediasının daha bir problemi üzə çıxdı. Bəlli oldu ki, Ermənistan mediasının sülh əleyhinə fəaliyyəti təkcə sülh əleyhinə çıxış edən fiqurlara, mərkəzlərə tribuna verməklə yekunlaşmır. Bu ölkənin media ictimaiyyətinin özüsülh əleyhinə yönələn proseslərin önündə gedir, stimullaşdırıcı qüvvə kimi çıxış edir. Bu fakt 2023-cü il iyulun 21-23-də Şuşada keçirilən Qlobal Media Forumu kontekstində təsdiqini tapdı. Ermənistan mediası Azərbaycanın təşəbbüsü ilə baş tutan bu Beynəlxalq Forumu gələcək əməkdaşlıq üçün yaxşı fürsət kimi dəyərləndirmək əvəzinə, heç bir zərurət olmadan Foruma qarşı kəskin əks reaksiya göstərdi. İyulun 22-də Ermənistanın 11 jurnalist təşkilatıŞuşa Qlobal Media Forumun iştirakçılarına müraciət edərək, onları təhdid etdilər. Foruma qatılan xarici jurnalistlərin tədbiri tərk etmələri üçün cəhdlər göstərdilər.

Şuşa Qlobal Media Forumuna qarşı yönəlmiş çağırışı imzalayan 11 jurnalist təşkilatı Ermənistanın ən məşhur media təsisatlarıdırlar.

Avqust ayı da Ermənistanla Azərbaycan arasında gərginliyin artması ilə müşaiyət olunub. Bu ay ərzində Ermənistan Laçın yoluna dəhliz statusu verilməsi üçün təkidli tələblərlə çıxış edib. Öz tələblərini əsaslandırmaq üçün Qarabağ regionunda “humanitar böhran” yaşanması barədə yalançı iddialar irəli sürüb. Beynəlxalq ictimaiyyətin diqqətini bu mövzuya yönəltmək üçün iyulun 27-də “Qarabağa humanitar yük daşımaq” adı altında 19 maşınından ibarət karvanı Laçın sərhəd keçid məntəqəsinə göndərib. Yük karvanı ilə əlaqədar avantürist hərəkətlərini avqust ayında daha da intensivləşdirib. Fransa və digər himayəçilərinin dəstəyindən faydalanaraq, avqustun 16-da “Laçın dəhlizi” mövzusunu BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb. Azərbaycana qarşı sanksiyalar tətbiq etdirməyə çalışmaqla, iki ölkə arasındakı gərginliyi pik həddinə qaldırıb.

Ermənistan mediası bu məsələdə də revanşist siyasi çevrələrin ruporuna çevrilib. Ölkə KİV-ləri qondarma əsaslarla irəli sürülmüş “Laçın dəhlizi” kampaniyasının müdafiəçisi rolunda çıxış ediblər. Heç bir halda xatırlatmayıblar ki, Qarabağda “humanitar böhranın yaşanması” barədə Ermənistan siyasi hakimiyyətinin verdiyi məlumatlar əsassızdır. Ermənistanın Laçın yolundan humanitar yük adı altında silah-sursat daşıdığını, bunun isə gərginliyin əsas səbəbi olduğunu qeyd etməyiblər. Onlar 2023-cü ilin 15 iyun tarixində Laçın sərhəd buraxılışı məntəqəsinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını, silahlı təxribatın törədilməsini, Azərbaycan hərbçisinin yaralanmasını xatırlatmayıblar. Vurğulamayıblar ki, Azərbaycanla razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Mövzu üzrə mübahisələrin davam etdiyi dövrdəheç bir Ermənistan KİV-i10 noyabr 2020-ci il tarixində Rusiya, Ermənistan vəAzərbaycan arasında imzalanmış üçtərəfli bəyannamənin müddəalarını diqqətə çatdırmadı. Qeyd edilmədi ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamə Azərbaycanla yanaşı Ermənistanın da üzərinə kommunikasliayların açılması öhdəliyini qoyur. Amma Ermənistan Azərbaycanın mərkəzi hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın açılmasına heç bir şərait yaratmır.

Beləliklə, Ermənistan KİV-ləri mövzu üzrə birtərəfli, qeyri-obyektiv, yalançı informasiyalar tirajlamaqla Ermənistan cəmiyyətində aqressiyanı, revanş hissini alovlandırmağa çalışdılar.

Avqustun 16-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən Kəlbəcər rayonu ərazisində Azərbaycanın dövlət sərhədinin pozulması faktı qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşoti dövlət sərhədini qanunsuz olaraq keçdiyi üçün saxlanılıb, istintaqa cəlb edilib. Ermənistan mediası Voskanyanın sərhədi qanunsuz keçməsinin hüquqi məsuliyyət yaratması barədə yazmadılar. Əksinə, heç bir arqumental əsaslandırma olmadan, diversantın hərəkətlərinə haqq qazandırmağa çalışdılar. Birtərəfli qaydada Azərbaycanı ittiham etdilər. Onların təqdimatlarında belə absur ideya səsləndirilirdi ki, Azərbaycan sərhəddini Qarabağ istiqamətindən pozmaq məsuliyyət yaratmamalıdır. Heç bir erməni KİV-i Voskanyanın Azərbaycan sərhədini pozmasının məsuliyyətini sorğulamadı. Yalnız Azərbaycanı ittiham etdilər.

Avqustun 28-də Laçın sərhəd keçid məntəqəsində Ermənistanın 3 futbolçusu- Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan saxlanıldılar. Onlar Azərbaycan Bayrağına və digər dövlət atributlarına qarşı nalayiq hərəkətlər etməkdə qınandılar. Saxlanılan gənclər günahlarını etiraf etdilər, hərəkətlərinin fərqinə varmadıqlarını, özlərinin rəhbərləri tərəfindən bu işə təhrik edildiklərini bildirdilər. Azərbaycan tərəfi gənclərin səmimi etiraflarını nəzərə alaraq, onların üzərindən həbs qərarını götürdü. Qısa müddətli-10 günlük tənbeh tədbiri verildi. Bu müddət ərzində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin, həmçinin, Beynəlxalq Qırmızı Xaç Komitəsi təmsilçilərinin onlarla sıx təmaslarına şərait yaradıldı.

Ermənistan mediası isə bu məsələni də tərsinə şərh etdi. Azərbaycanın həmin şəxslərlə humanist davranışı barədə heç bir informasiya vermədi.

Avqust ayı ərzində Ermənistan mediası daha bir çirkin kampamiyaya imza atdı. Qarabağdakı yalançı “humanitar böhran” kampaniyasını xristian-müsəlman davası kontekstində şərh etməyə çalışdılar. 31 avqust 2023-cü il tarixdə “ABŞ-dakı xristian birliklərinin liderləri Baydeni Artsaxın blokadasına son qoymaq üçün təcili tədbirlər görməyə çağırırlar” başlığı ilə informasiyalar yaydılar.

Sentyabr ayı da Ermənistanla Azərbaycan arasında gərginliyin artması ilə müşaiyət olundu. İki mühüm faktor bu ay ərzində iki ölkə arasında gərginliyin istiqamətini müəyyən etdi.

Gərginliyi artıran birinci faktor sentyabrın 2-də Ermənistanda qondarma “Artsax Respublikasının müstəqilliyinin 32 illiyi”nin qeyd edilməsi oldu. Ermənistanın hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslər, diaspor və lobbi qruplarının üzvləri qondarma “Artsax respublikanın əhalisinə” təbriklər göndərdilər, onları Azərbaycana qarşı mübarizəni davam etdirməyə, əzm göstərməyə çağırdılar. Bu yöndə təşkil edilən tədbirlər “İkinci Qarabağ savaşına görə Azərbaycandan qisas alınması”na çağıran şüarların səsləndirilməsi ilə yadda qaldılar.

Qeyd edilən prosesdə diqqət çəkən ciddi problemlərdən biri, “Artsaxa müstəqillik günü təbriki” göndərənlər sırasında Ermənistanın baş naziri Nikol Paşinyanın da görünməsi oldu. Rəsmi Bakı Paşınyanın “Artsaxın müstəqilliyinin 32 illiyi təbriki”nin əvvəlki mövqeyi ilə “ziddiyyət” təşkil etdiyini bildirdi. Çünki, Ermənistanın baş naziri 2023-cü il iyulun 25-də keçirdiyi brifinqdə Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etmişdi. Bundan 3 ay öncə - 2023-cü il may ayının 17-də isə Azərbaycanın 86.6 min kvadrat kilometrlik ərazisini tanıdığını bildirməklə, sülh danışıqları prosesində yeni bir mərhələyə keçid üçün imkan yaratmışdı. Nikol Paşinyanın 25 iyul açıqlaması Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisi daxilində Qarabağ regionunun da tanınmasının etirafı oldu. Sentyabrın 2-də isə qondarma “DQR xalqını” müstəqillik günü münasibətilə təbrik etməklə “Azərbaycanın ərazi bütövlüyünü tanıması” barədə bəyanatını pozdu və sülh prosesinə ciddi zərbə vurdu. Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın bu çıxışını “Qarabağ bölgəsində separatçılığın təşviqinə xidmət” kimi qiymətləndirdi.

İkinci faktor isə Laçın yolu ilə bağlı Ermənistan tərəfindən başladılmış yalançı kampaniyanın davam etməsidir. Ermənistan tərəf bu mövzunu beynəlxalq ictimai rəyin diqqətində saxlamaq üçün sentyabr ayı ərzində də təşəbbüslərini davam etdirdi. Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında qondarma “Qarabağın blokadası” mövzusu üzrə dinləmələr keçirildi. Dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, bədnam Luis Moreno Okamponun iştirakı və çıxışı təmin edildi. Okampo hələ avqust ayında açıqladığı hesabatında Azərbaycana böhtan ataraq ölkəni “soyıqırım”da ittiham etmişdi.

Ermənistan KİV-ləri bu hadisədən də Azərbaycana qarşı əks kampaniya aparmaq üçün istifadə etdilər. İki ölkənin sülh prosesindən uzaqlaşdırılması yönündə fəaliyyət göstərdilər.

2023-cü ilin 3 ayı ərzində keçirilmiş monitorinqlərin nəticələri sübut etdi ki, Ermənistan mediası iki ölkə arasında sülhün yaradılması üçün deyil, əksinə, pozulması üçün çalışırlar. Belə davranış nə beynəlxalq normalara, nə də etik standartlara uyğun deyil.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


metbuat.az.