METBUAT.AZ

Dünya

Ermənistan Rusiyanı kürəyindən bıçaqlayır -

16 sen 2023 09:48

“N.Paşinyan administrasiyasının müvafiq departamentlərinin nəzarəti altında olan hökumətyönlü erməni bloqları Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri alıb”.

Metbuat.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko teleqram kanalında yazıb. O bildirib ki, bu prosesdə aparıcı şəxs Rusiyanın yüksək səviyyəli rəsmilərinə qarşı heç bir sivil cəmiyyətdə qəbuledilməz olan tamamilə alçaldıcı və təhqiramiz bəyanatlar verən paşinyanpərəst bloqer Roman Baqdasaryan olub.

Belə ki, Baqdasaryanın çıxışının tezisləri Ermənistanın baş naziri Nikol Paşinyan və onun “sağ əli” parlamentin spikeri Alen Simonyanın bu yaxınlarda açıqladığı anti-Rusiya bəyanatları ilə tam uyğundur. Üstəlik, Baqdasaryan - Simonyanın tezislərini kopyalayıb və “yaradıcı şəkildə inkişaf etdirib”. O, xüsusilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi spikerinə hücum edərək, söyüşdən istifadə edib.

Rəsmi İrəvanın bütün bu iyrənc və rüsvayçı informasiya kampaniyası “Qartal tərəfdaşı 2023” adlı Ermənistan-ABŞ hərbi təlimləri və Avropa İttifaqının kəşfiyyat-müşahidə missiyasının fəal anti-Rusiya təxribatçı işi fonunda baş verir.

Eyni zamanda, erməni hərbi qulluqçuları və Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələrinin üzvləri vəziyyəti gərginləşdirmək üçün demək olar ki, hər gün silahlı təxribatlar təşkil edirlər.

Korotçenko Qarabağdakı erməni separatçılarının Rusiya sülhməramlılarına, onların texnikasına və kontingentin dislokasiya məntəqələrinə qarşı birbaşa təxribat xarakterli hərəkətlərini də qeyd edir. Onun fikrincə, Rusiya və Azərbaycan hərbçiləri arasında toqquşma törətmək məqsədi ilə separatçılar tərəfindən sülhməramlılara qarşı genişmiqyaslı silahlı təxribatı da istisna etmək olmaz. Bu Aİ-yə regiona beynəlxalq sülhməramlıları, yəni Qərb hərbçilərini cəlb etməyə şərait yaradacaq.

Onun sözlərinə görə, Kremlin bütün səyləri Ukraynaya və Şimal-Cənub nəqliyyat dəhlizini işə salmaqla Qərbin genişmiqyaslı sanksiyalarını aradan qaldırmağa yönəldiyi bir vaxtda Paşinyan başda olmaqla Ermənistan Rusiyanın kürəyindən zərbə endirib.


metbuat.az.