20 sen 2023 16:59
20 sentyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Əsrin müqaviləsi – Azərbaycanın strateji inkişaf konsepsiyasının təməlidir” mövzusunda konfrans keçirilib.
Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində təşkil edilən konfransda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Nazirliyin Aparatı və strukturuna daxil olan qurumlarının, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının nümayəndələri iştirak edib.
Əvvəlcə, konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər. Həmçinin, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi ziyarət olunub.
Tədbirə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Konfransı giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov əsası Ümummilli Lider tərəfindən qoyulmuş və hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyasının ölkəmizə qazandırdığı uğurlardan, “Əsrin müqaviləsi”nin sosial-iqtisadi həyatımızdakı əhəmiyyətindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurlu icrası nəticəsində bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində etibarlı tərəfdaşa çevridiyini qeyd edən nazir müavini vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində neft-qaz sektorunun inkişafında, ölkəmizin karbohidrogen ehtiyatlarının ixracı sahəsində mühüm nailiyyətlər əldə olunub.
FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev çıxışında xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan “Əsrin müqaviləsi”ndən danışarkən bildirib ki, Ulu Öndər Azərbaycanın imzaladığı bütün neft-qaz müqavilələrinin şərtlərini milli maraqlarımıza maksimum dərəcədə uyğunlaşdırıb. Beləliklə, Azərbaycan nəinki zəngin neft və qaz yataqlarının işlənilməsinə və enerji resurslarının hasilatına, həmçinin onların dünya bazarına çıxarılması üçün yeni ixrac marşrutlarının işə salınmasına və enerji nəqlinin şaxələndirilməsinə də nail olub. Agentliyin rəisi vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dərin iqtisadi islahatlar, güclü sosial siyasət, insanların rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar uğurlu bəhrələrini verir. V.Ağayev qeyd edib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən sənaye təhlükəsizliyinin təmin olunması məqsədilə istehsalat sahələrində sağlam əmək şəraitinin yaradılması, müvafiq norma və qaydaların tələblərinə riayət olunması istiqamətində məqsədyönlü işlər aparılır.
Tədbirdə çıxış edən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktorunun birinci müavini, baş mühəndis Rövşən Qarayev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışıb, ölkəmizin siyasi, iqtisadi inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən söz açıb.
Konfransın sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.