24 sen 2023 09:01
Sentyabrın 23-də Fransanın paytaxtı Paris və digər böyük şəhərlərdə polis zorakılığına qarşı kütləvi aksiyalar keçirilib.
Fransa mətbuatına istinadən xəbərə görə, aksiyaçılar “Polis zorakılığa “yox!” deyək!”, “Rədd olsun irqçilik!” şüarlarını səsləndiriblər.
“France 24” telekanalının məlumatına əsasən, Parisdəki aksiyada 30 mindən çox insan iştirak edib. Bu aksiyanı Fransanın tanınmış simaları da dəstəkləyərək Emmanuel Makron hökumətini kəskin tənqid ediblər. “Qızıl palma” festivalının direktoru Justin Triet polisin ədalətsiz davranışlarına son qoymağı tələb edib.
Aksiyada, həmçinin 2022-ci ilin dekabrında Parisdə pensiya islahatlarına qarşı keçirilən kütləvi aksiyada polis tərəfindən qətlə yetirilən Məhəmməd Cusinin bacısı Həvva Cusi də iştirak edib. O bildirib: “Biz ədalət tələb edirik, qardaşımı öldürən polis heç bir cəza almadan sərbəst buraxılıb”.
Fransa polisi cari ilin iyununda Nihal adlı gənci də aksiya zamanı qətlə yetirib. Araşdırma zamanı polisin təqsirsiz olduğu bildirilib.
İyunda keçirilən aksiyalar zamanı Fransa Prezidenti Emmanuel Makronun göstərişi ilə müxtəlif şəhərlərdə aksiyaların qarşısını almaq məqsədilə 45 min polis əməkdaşı səfərbərlik edilmişdi. Polis zirehli texnika, helikopter və pilotsuz uçuş aparatlar ilə müşahidə apararaq etirazçılara qarşı amansız davranmışdı. Hadisələrdən sonra Fransa məhkəməsi 5 polis əməkdaşını cinayət məsuliyyətinə cəlb etdi, lakin onlardan yalnız biri həbs olundu.