METBUAT.AZ

Ölkə

Füzulidə daha 24 ailəyə evlərinin açarları

11 sen 2023 14:21

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 24 ailə Füzuliyə çatıb.

Metbuat.az xəbər verir ki, yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 24 ailə olmaqla, 92 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 119 ailə olmaqla, 441 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.


metbuat.az.