27 sen 2023 16:50
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən 44 günlük Şanlı Zəfər Tariximizin 3-cü ildönümü münasibətilə bir sıra tədbirlər həyata keçirilib.
Beləki, ilk olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Milli Məclisin deputatı Naqif Həmzəyevin, Vətən müharibəsi qaziləri Azay Tağızadə və Vüsal Yusifovun iştirakı ilə tədbir keçirilib. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir öz işinə başlayıb. NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək ölkəmizin qazandığı bu böyük Zəfərin dövlətimizin başçısı, Müzəffər Ali Baş komandan İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasət, onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində mümkün olduğunu qeyd etmişdir. O, həmçinin Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə ilə bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini əyani şəkildə göstərdiyini və şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək, nümunə göstərməyin hər birimizin üzərinə düşən ən müqəddəs borc olduğunu xüsusilə vurğulamışdır.
Moderatorluğunu NAYORA-nın sədr müavini Ülviyyə Axundovanın etdiyi və 60-dan çox gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə İkinci Qarabağ müharibəsi, gənclərin informasiya müharibəsində aktiv iştirakının dövlətimiz üçün əhəmiyyəti, anti-terror əməliyyatındakı qalibiyyətimiz kimi məsələlər müzakirə olunmuş, həmçinin iştirakçıların ünvanladıqları suallar cavablandırılmışdır.
Tədbirlərin davamı olaraq 27 sentyabr 2023-cü il tarixində 500-dən çox gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə İkinci Şəhidlər Xiyabanı ziyarət olunaraq şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Bundan əlavə 27 Sentyabrdan 8 Noyabr - Zəfər Gününədək gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə regionlara səfərlər təşkil olunacaq, həmin regionlarda Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanına ziyarət baş tutacaq, həmçinin 44 günlük Vətən müharibəsi zamanı dağıdılmış, zərər görmüş ərazilər də ziyarət olunacaq.
Eyni zamanda gənclər təşkilatlarının rəhbərləri tərəfindən qeyd edilən regionlarda olan şəhid ailələrinə baş çəkiləcək və universitetlərdə gənclərlə müzakirə xarakterli görüşlər keçiriləcək. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Vətən Müharibəsi zamanı və sonra atılan diplomatik addımlar və gənclərin bu sahədə həyata keçirməli olduqları fəaliyyətlər görüşlərin əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, keçirilən tədbirlərin əsas məqsədi 27 Sentyabr Anım Günü ilə bağlı gənclərin məlumatlılığını artırmaq, həmçinin 44 günlük qürurlu tariximizin gənclər arasında təbliğindən ibarətdir.