13 sen 2023 15:16
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirləri uğurla davam etdirir.
Metbuat.az xəbər verir ki, nazirlik Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2023-2024-cü tədris ili üçün 18 adda 21402 nüsxə dərslik göndərib.
Dərsliklər sentyabrın 13-də Elm və Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib.
Qeyd edək ki, ana dili və ədəbiyyat dərsliklərinin mübadiləsi 2022-ci il 21 fevral tarixində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında həyata keçirilir. Son 5 ildə Elm və Təhsil Nazirliyi tərəfindən 105913 nüsxə dərslik və metodiki vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə göndərilib.
Gürcüstanın Təhsil və Elm Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq əlaqələr departamentinin rəhbəri Kaxa Xondolişvili Azərbaycanın bu yardımını yüksək qiymətləndirib. Bildirib ki, hər iki ölkənin müvafiq nazirlikləri arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar və əldə olunan razılaşmalar əsasında elm və təhsil sahəsində səmərəli əməkdaşlıq nəticəsində bir sıra uğurlar qazanılıb. Onun sözlərinə görə, Azərbaycanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Gürcüstandakı azərbaycandilli məktəblərin bu cür dərsliklərlə təmin olunması məktəblilərin öz ana dillərinə marağının artmasında və onların daha savadlı vətəndaş kimi böyümələrində mühüm rol oynayacaq.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov isə bildirib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əlaqələri daha da genişlənir və möhkəmlənir. Onun sözlərinə görə, Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu günədək Gürcüstanda yaşayan soydaşlarımız üçün 600 mindən çox dərslik və metodik vəsait göndərilib. Bu vəsaitlər yaxın günlərdə Gürcüstandakı azərbaycandilli məktəbə paylanılacaq.
Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin məsul əməkdaşı Məzahir Əliyev isə bildirib ki, Azərbaycan Prezidenti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli üçün Gürcüstan dövləti ilə müvafiq işlər görür. Dərsliklərin göndərilməsi də soydaşlarımıza dəstəyin və birgə əməkdaşlığımızın nümunəsidir.