8 sen 2023 12:52
Bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində tərsinə A hərfinin yazılmasıdır.
Hətta sosial şəbəkələrin erməni seqmentində də qorxu yaradan tərsinə sirli A hərfi ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a bildirdi ki, bu simvollardan Azərbaycan ordusu əvvəllər də istifadə edib və bu normal haldır.
“Bizə aid olan maşınları digərlərindən, digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün belə bir işarələrdən nişanlardan istifadə edirik. Çünki eyni texnikalar həm də Ermənistan və rus ordusu tərəfindən istifadə edilir. Sosial şəbəkədə son dəfə görünən tərsinə A hərfi Azərbaycan sözünün tərsinə A həm də V kimi oxuna bilər. Ortadakı xətti nəzərə almasaq, bu “victory” yəni zəfər işarəsidir”.
Sirli A -nın Zəngəzur ilə bağlı olduğu, hətta bunu xəritə ilə də göstərərk bu dəfəki əməliyyatda Zəngəzurun alınmasının hədəf etdiyi kimi düşünənlərlə bağlı ekspert qeyd etdi ki, məsələ həmin iddialarla bağlı deyil.
“Bunun yazılmasında məqsəd hərbi qulluqçuların təhlükəsizliyini təmin etməkdir. Hərə özünəməxsus bir formada bunun şifrəsini çözməyə çalışır. Halbuki bu rəqəmlərdən biz daha əvvəllər də istifadə etmişik. İstənilən halda bu işarətlərin əsas məqsədi bizim texnikaları Rusiya və Ermənistana aid olan texnikalardan fərqləndirməkdir. Hərbçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır”.
Gülbəniz Hüseynli / Metbuat.az