15 sen 2023 10:13
Ermənistan Hindistandan 6 "ATAGS" haubitsası alıb.
Metbuat. az xəbər verir ki, bu barədə "Indian Defence Research Wing" məlumat yayıb.
Nəşr qeyd edib ki, yerli müdafiə şirkəti “Bharat Forge” bu məlumatı təsdiqləyib. O da qeyd olunub ki, haubitsalar avqustun əvvəlində təhvil verilib.
İki ölkə arasında imzalanmış sənədə görə, növbəti üç il ərzində bu tipli əlavə 84 yedəkli haubitsanın mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur. Eyni zamanda qeyd olunur ki, “Bharat Forge” Ermənistana artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır.
Xatırladaq ki, bir neçə ay öncə mətbuatda Hindistanın İran üzərindən Ermənistana silah daşıması barədə görüntülər yayılıb. İyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Görüşdə Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib.