26 sen 2023 18:06
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova məktub göndərib.
Metbuat.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Qardaş Türkmənistan bu gün sosial-iqtisadi sahədə böyük uğurlara nail olmuş, hər cəhətdən çiçəklənən bir diyara çevrilmişdir. Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk.
Hazırda səmərəli əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı perspektivlər vardır. İnanıram ki, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz, qarşılıqlı inam və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.