METBUAT.AZ

Sosial

İmkansız ailələrin uşaqlarına pulsuz məktəbli formaları verilib?

13 sen 2023 12:28

Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib ki, ailənin sosial durumu zəifdirsə, məktəbli formasını əldə etmək üçün təhsil ocaqlarının rəhbərliyinə müraciət etsinlər:

“Direktorların köməyi ilə nazirliyin tərəfdaşları olan korporativ şirkətlər həmin ailələrə kömək olarlar”.

Bəs şirkətlər tərəfindən sosial durumu zəif olan ailələrə forma yardımı edilir? Direktorlar bununla bağlı korporativ şirkətlərə müraciət ediblərmi?

Metbuat.az xəbər verir ki, “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimov oxu.az-a açıqlamasında bildirib ki, müəssisə özəldir və bank krediti ilə işləyir:

“Bizim imkanımız Bakı şəhərində sosial vəziyyəti aşağı olan hər kəsi forma ilə təmin etmək gücündə deyil. ASC Nəsimi rayon ərazisində yerləşir və burada yaşayan o cür ailələrə kömək edirik. Nəsimi Rayon İcra Hakimiyyətinin siyahısında olan şəhid, qazı və imkanı zəif olan ailələrin uşaqlarına 72 dəst məktəbli formaları vermişik.

Eyni zamanda, ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının müraciətlərinə əsasən, bu il 11 dəst məktəb formasını pulsuz olaraq, imkansız ailələrə paylamışıq”.

Məktəbli formalarının satışı ilə məşğul olan mağazanın təmsilçisi Ruzbek Müqaddami açıqlamasında deyir ki, sözügedən məsələyə millətimiz çox həssasdır:

“İmkanı olan vətəndaşlar bizim mağazadan forma alıb, sosial vəziyyəti zəif olan ailələrə təqdim edirlər. Bizim mağaza tərəfindən də, bu cür ailələrə köməklik edilir”.

R.Müqaddami əlavə edib ki, məktəb direktorlarından onlara belə bir təşəbbüs gəlmyib.

“Bakı Tekstil Fabriki”nin (“BTF”) icraçı direktoru Elçin Babayev isə açıqlamasında bildirib ki, sosial durumu zəif olan ailələrə kömək edilir:

“Biz sosial vəziyyəti zəif olanlara dəstək oluruq. Bu, həssas məqamdır. Şəhid, qazı və maddi vəziyyəti zəif olan ailələrin övladına məktəbli formaları təqdim edirik”.


metbuat.az.