12 sen 2023 16:47
İran İsveçin Avropa İttifaqının (Aİ) əməkdaşı Yohan Floderusun ölkədə saxlanıldığını təsdiqləyib.
Metbuat.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin sözçüsü Məsud Setayeşi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bu İsveç vətəndaşı İran ərazisində törətdiyi cinayətlə bağlı ibtidai istintaqdan sonra məhkəmə qərarı ilə həbs edilib. Onun işi ilə bağlı prokurorluq tərəfindən aparılan hərtərəfli araşdırmanın nəticələri yaxın günlərdə səlahiyyətli məhkəməyə göndəriləcək".
Setayeşi AB rəsmisinə qarşı ittihamlarla bağlı məlumat verməyib.
Qeyd edək ki, "The New York Times" qəzeti keçən həftə yazmışdı ki, AB Xarici Əlaqələr Xidmətində çalışan 33 yaşlı isveçli Yohan Floderus 2022-ci ilin aprelində turist kimi getdiyi İranda həbs edilib. Bu xəbərdən sonra İsveç və Aİ rəsmiləri Floderusun İranda saxlanıldığını açıqlayıblar.