28 sen 2023 11:16
Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Separatçı rejimin "rəhbəri" Samvel Şahramanyanın imzaladığı "fərman"a əsasən 2024-cü ilin yanvarın 1-dən qurum ləğv edilir.
Bununlada 30 ildir Qarabağ havasını, torpağını zəhərləyən, Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində pərən-pərən düşən son separatçı tör-töküntülərinin qalıqlarından torpağımız təmizlənmiş olacaqdır.
Mövzuyla bağlı Metbuat.az-a danışan AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Elnur Kəlbizadə bildirdi ki, cənab Prezident İlham Əliyev yürütdüyü siyasət Azərbaycana böyük zəfəri qazandırmaqla bərabər, Sovet İttifaqının dağılmasından bəri bu məkanda yaranmış və imperialist dövlətlərin öz məqsədləri üçün istifadə etdikləri ən böyük problemi həll etdi:
“Son antiterror əməliyyatlarında Qarabağdakı separatçı kukla rejimi, eyni zamanda bu rejimi Azərbaycanın işğal etdiyi ərazilərində vaxtilə yaradılmış Ermənistan bütün beynəlxalq eyni zamanda müxtəlif ölkələrin açıq, gizli şəkildə onlara verdiyi dəstəkdən məhrum edildi və separatizmə son qoyuldu. Artıq separatçılar, terrorçular özləri də başa düşdülər ki, onların Azərbaycana baş əyməkdən, ayağına döşənməkdən başqa çarələri yoxdur”.
İlham Əliyevin illər boyu dünyadakı erməni terror, siyasi təşkilatlarının Ermənistanın qurduğu bu sərsəm xəyalları puç etdiyini vurğulayan ekspert qeyd etdi ki, ölkə Başçısı Azərbaycana qarşı ərazi iddiaları irəli sürən İrəvan və onun havadarlarının belini qırıb başını əzdi.
“Bu, Azərbaycan dövlətinin möhtəşəm bir qələbəsidir. Rəsmi Bakı bununla həm də Qafqaz regionuna sülhü, əməkdaşlığı gətirməkdə israrlı olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionunda söz sahibi olmaq istəyən, burada hansısa addımlar atmaq istəyən dövlətlər Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Azərbaycan Qarabağda separatizmi məhv edərək dünyaya möhtəşəm mesaj verdi. Biz əminik ki, Ali Baş Komandan yürütdüyü siyasətlə regionda sülhün, sabitliyin və əməkdaşlığın inkişafı üçün ən münbit şəraiti yaradacaqdır”.
Siyasi şərhçi Azər Qasımov Metbuat.az-a vurğuladı ki, bütün dünya gücləri Azərbaycanın mövqeyi ilə razılaşıb, ərazi bütövlüyünü qəbul etdilər.
“Azərbaycanın antiterror əməliyyatı Vaşinqtonda iki dəfə qısa ara ilə keçirilən bir neçə günlük razılaşmanın nəticəsi idi. İlk görüşdə planlar cızıldı, ikinci görüşdə detallar dəqiqləşdirildi. Amerikanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağ ermənilərinə status verilməməsini elan etməsi fonunda,Paşinyanın Qarabağdan qurtulması lazım idi.Azərbaycan separatçıların lideri Ruben Vardanyanı həbs etməklə Paşinyana qarşı cəbhəni başsız qoydu. Ümumiyyətlə, Azərbaycan dövlətinin ərazisində separatizmin kökünü kəsdiyini isbat etmək üçün yeni dünya düzəni formalaşması prosesində beynəlxalq güclərin Azərbaycan-Ermənistan və Qarabağ ərazisində baş verən proseslərə nümayiş etdirdikləri reaksiyadan da aydın görmək olur”.
Azər Qasımov hesab edir ki, bu istiqamətdə atılan uğurlu siyasi addımların nəticəsidir ki, Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstək verərək Azərbaycanın torpaq bütövlüyü ilə razılaşdılar.
“Həm 2020- ci il və sonrası, həm də son qələbə ilə başa çatan antiterror əməliyyatı zamanı Qərb dövlətləri Azərbaycanın haqq işini qəbul etməli oldular. Düşünürəm ki, digər separatçı ünsürlərin də həbs ediləcəyi məqam yaxınlaşır. Uzun illər Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirənləri fəaliyyətinincəzası ağır olacaqdır. Vacib bir məqam da odur ki, Rusiya Ruben Vardanyanıbir növ "təhvil verməklə" Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmək istədi”.
Azərbaycan Respublikası Pezidentinin cəsarətli və müdrik qərarları, Silahlı Qüvvələrimizin şücaəti və peşəkarlığı nəticəsində xalqımızın tarixi zəfər yaşadığını söyləyən millət vəkili Qüdrət Həsənquliyev Metbuat.az-a açıqlamasındadedi ki,bu qələbə xalqımızın birliyini, potensialını dünyaya nümayiş etdirdi.
“Bu tarixi qələbə xalqımızın inam hissini artırmaqla bərabər torpaqlarımız uğrunda mübarizədə həyatlarını qurban vermiş bacı və qardaşlarımızın ruhunu şad etdi. Azərbaycanın dünyadakı nüfuzu daha da yüksəldi. Bu zəfər dünyada başımızı uca etdi. Dostlarımız sevindi, düşmənlər yasa batdı. Əminəm ki, Qələbəmiz xalqımızı daha böyük uğurlar əldə etməyə ruhlandıracaq, bölgəyə sülh və əməkdaşlıq imkanı qazandıracaq. Mən Ali Baş Komandan başda olmaqla bütün xalqmızı, əsgər və zabitlərimizi işğalçı rejimin özünü buraxması və xalqımızın işğalçı Ermənistan və onun havadarları üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə bir daha təbrik edirəm ”.
Gülbəniz Hüseynli / Metbuat.az