24 sen 2023 23:10
Azərbaycan bankları bu ilin III rübündə istehlak kreditlərinə olan tələbin 13 faiz artacağını gözləyir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində bildirilib. Qeyd olunub ki, istehlak kreditlərinin tərkib hissəsi olan avto kreditlərə olan tələbin 6 faiz, kartlarla kreditə olan tələbin 17 faiz, əməkhaqqı ilə kreditlərə olan tələbin 10 faiz, məişət kreditlərinə tələbin isə 8 faiz artacağı proqnozlaşdırılır. Sorğunun nəticələrinə əsasən, bu ilin II rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29 faiz artıb. Həmçinin, avto kreditlərə olan tələb 4 faiz, kartlarla kreditə olan tələb 8 faiz, əməkhaqqı ilə kreditlərə tələb 8 faiz, məişət kreditlərinə tələb isə 10 faiz artıb. Ölkəmizdə istehlak kreditlərinə artan tələbin səbəbləri nələrdir?
Metbuat.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Kreditlər daha əlçatandır
AMB-dənmövzu ilə bağlı bildirilib ki, diffuziya indeksinin müsbət 13 faiz olması banklar tərəfindən istehlak kreditlərinə tələbdə artımın gözlənildiyini göstərsə də, bunu istehlak kreditlərinə tələbin 13 faiz artacağı kimi interpretasiya etmək düzgün deyil:
“Beynəlxalq təcrübədə sorğu nəticələrinin interpretasiyasında istifadə olunan diffuziya indeksi “-100, +100” aralığında dəyişir. Müsbət 100 faiz respondentlərin 100 faizinin kredit standartlarında əhəmiyyətli yumşalma, mənfi 100 faiz əhəmiyyətli sərtləşmə müşahidə etdiyini göstərir”.
AMB-dən əlavə edilib ki, respondent banklar tərəfindən sorğuya bildirilən cavablara əsasən istehlak kreditlərinə tələbin artımı bir neçə səbəbdən qaynaqlanır:
“İstehlakçı əminliyinin artımı, rəqəmsallaşma fonunda kreditlərin daha əlçatan olması və faiz dərəcələrində dəyişikliklər istehlak kreditlərinə tələbin artımında əsas amillər kimi çıxış ediblər. Sorğu nəticələrinə əsasən, cari ilin ikinci rübündə bankların 58 faizi əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, bankların 42 faizi əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını bildirib. Sorğu nəticələrinə əsasən 2023-cü ilin II rübü üzrə istehlak kreditlərinə tələb artımı məişət kreditləri üzrə artımla müşahidə olunub. Bundan əlavə, əməkhaqqı kreditləri və kredit kartlarına tələbdə də artım müşahidə edilib. Bankların cavablarına əsasən, avto kreditlər üzrə tələb daha az artıb. İstehlak kreditləri üzrə dinamika Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət (bankın təhlükəsizlik fəaluyyətinin təmin edilməsinə yönələn siyasət) müəyyən edilir”.
Bankların əsas hədəfi hansı kredit növü olmalıdır?
Deputat Vüqar Bayramlının sözlərinə görə, son vaxtlar bankların istehlak kreditləşməsinə marağının artması müşahidə olunur:
“Bu rəqəmlər və proqnozlar sorğu əsasında müəyyənləşib və gözləntidir. İstehlak kreditlərinin digərləri ilə müqayisədə payı kifayət qədər böyükdür. Əslində əsas məqsəd odur ki, biznesə, real sektora yönəldilən kreditlərin həcmində artımlar müşahidə olunsun. Bu, yeni iş yerlərinin yaradılması, biznesin daha yaxşı maliyyələşdirilməsinin təşviq olunmasıdır”.
V.Bayramov əlavə edib ki, istehlak kreditlərinə marağın artmasının bir səbəbi də avtomobil alışının çoxalmasıdır:
“Kredit yolu ilə avtomobil alanların sayında artım var. Eyni zamanda, istehlak kreditlərinin faizlərində dəyişiklik var və kampaniyalar çoxdur. Nəticədə vətəndaş buna maraq göstərir. Banklar əsas hədəf olaraq real sektoru maliyyələşdirməyi götürməlidir ki, iş adamları bu kreditlərdən faydalana bilsinlər”.
Pulun dəyəri əvvəlki gücündə deyil
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, istehlak kreditlərinə tələbatın artmasının bir neçə faktoru var:
“Bu proqnozlar nominal göstəricilərə əsaslanıb. Azərbaycanda da inflyasiya baş verir və istehlakçıların aldığı məhsulların qiymətləri bahalaşıb. Digər məsələ - əhalinin nominal gəlirləri yüksəlib. Eyni zamanda, vətəndaşların pensiyası, əməkhaqqı qalxıb. Ötən il orta aylıq əməkhaqqı 14,5, bu ilin səkkiz ayında 11,3 faiz artıb. Nəticədə pulun dəyəri əvvəlki gücündə deyil və dəyər itirir. Bu da artımlarda özünü göstərir. Nominal ifadədə istehlak kreditlərinə məbləğ olaraq artımda öz əksini tapır”.
O qeyd edib ki, istehlak kreditlərinin artmasının digər məqamı odur ki, bankların özünün izafi pul resursları var:
“Bankların beş milyardlıq izafi pul resursu var və onu satmağa çalışırlar. Tələbin artırılmasında da banklar istehlak kreditlərinə maraq oyatmaq üçün müxtəlif marketinq üsullarından istifadə edirlər”.
“İstehlak kreditlərinin artması problem deyil”
Deputat Rüfət Quliyev isə bildirib ki, istehlak kreditlərinin artması problem deyil:
“Dünyada əksər insanlar bu kreditdən istifadə edirlər. Hətta inkişaf edən ölkələrdə də ən azı 65 faizə yaxın əhali ev almaq və digər məsələlərlə bağlı istehlak kreditlərindən istifadə edir. Artıq dünyada turizmlə bağlı da xüsusi kreditlər var. Məsələn, turist kimi istirahətə gedəndə krediti götürür və altı ayda onu hissə-hissə ödəyir”.
Deputat əlavə edib ki, ölkəmizdə 50 faizə yaxın insan bu kreditdən istifadə edir:
“Bu sayın və maliyyənin artmasına imkan var. Hər dörd ailədən biri bundan istifadə edir. Bu, bazar iqtisadiyyatının məntiqinə sığan məsələdir. Təbii ki, inflyasiyanın da rolu var. Məsələn, insan nəyisə almaq istəyir və onun bu gün qiyməti 2000 dollardır. İnflyasiya nəticəsində bir il sonra qiyməti 2300 dollar civarında olacaq. Bu səbəbdən insanlar onu bank faizi kimi ödəmək planı ilə əldə edirlər. İnsanlar bu cür kreditləri götürən zaman öz gəlirlərini və gələcəkdə öz mənbələrini hesablayıb bu addımı atsalar daha yaxşı olar”.