11 sen 2023 15:36
2023-ci ilin II rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib. Tələbin artımının əsas drayverləri istehlakçı əminliyi, faiz dərəcəsi dəyişiklikləri, daşınmaz əmlak bazarı gözləntiləri və rəqəmsallaşma olub.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Sorğu nəticələrinə əsasən cari ilin ikinci rübündə bankların 58%-i əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsədə, bankların 42%-i əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını bildirib.
Qeyd edək ki, cari ilin ikinci rübündə kredit və İT riskində azalma, faiz dərəcəsi, likvidlik, və komplayens riskində isə artım müşahidə edilib. Kredit risklərində azalmanı sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət və digər qeyri-istehsal və xidmət sahələrinə verilmiş kreditlər formalaşıb. Bununla yanaşı, bankların cavablarına əsasən mikrosahibkarlıq subyektləri istisna olmaqla digər biznes subyektləri üzrə cəmi kredit risklərinin azalması qeydə alınıb. KOS subyektləri üzrə azalma daha çox nəzərə çarpır.