1 sen 2023 14:58
Jurnalistlərin etikkodeksində uşaq haqlarını ehtiva edən müddəalar
Qanunvericilik aktları ilə yanaşı “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Kodeksi” də yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmağı, lazımi anda məhdudiyyətlər tətbiq olunmasını şərtləndirir.
“Azərbaycan Jurnalistlərinin Etik Davranışı Kodeksi” 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilib. 2010-2011-ci illərdə ATƏT və Mətbuat Şurasının birgə layihəsi əsasında təkmilləşdirilib. Bu kodeks uşaqlar haqqında informasiyalara xüsusi yanaşmanı tövsiyyə edir. Kodeksin 3-cü prinsipi (Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı) uşaqlarla bağlı informasiya hazırlanan zaman əməl edilməli olan məqamlara aydınlıq gətirir:
- 3.6. Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar (18 yaşı tamam olmamış şəxslər) törədibsə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır.
- 3.9. Jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, onların hüquqlarına hörmətlə yanaşmalı və onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir. Daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır.
Bununla yanaşı, mərkəzi ofisi Brüsseldə (Belçika) yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası mövzunun həssaslığını nəzərə alaraq, xəbər istehsalçıları üçün “Uşaqlarla müsahibə götürməyin 10 şərti” və “Media əməkdaşları üçün uşaqlarla bağlı məlumat bələdçisi” hazırlamışdır.
Uşaqlardan müsahibə götürmək üçün 10 əsas şərt
1. Öncədən xüsusi icazə alın.
2. Tələsdirməyin – danışmaq istəyirlərsə, qərara almaları üçün uşaqlara vaxt verin.
3. Uşaqların özlərini rahat hiss edə biləcəkləri məkandan istiafadə edin.
4. Onların ədəbi səviyyələrinə uyğun hərəkət edin.
5. Onlara nə üçün danışmaq istədiyinizi və əldə edəcəyiniz məlumatdan necə istifadə edəcəyinizi izah edin.
6. Sual vermələri üçün imkan yaradın və onların suallarını hər zaman səmimi cavablandırın.
7. Müsahibə götürərkən istifadə etdiyiniz alətlərlə necə işlədiyinizi izah edin– onlara baxmaq, toxunmaq və istifadə etmələrinə izn verməklə diqqətlərini cəlb edin.
8. Hazırlamaq üçün uşaqları pulla ələ almayın.
9. Sonradan sizinlə necə əlaqə yarada biləcəklərini bildirin.
10. Əgər mümkündürsə, əmin edin ki,sizin təqdim etdiyiniz materialları görə və eşidə biləcəklər.
Media əməkdaşları üçün uşaqlarla bağlı bələdçi
1. Bütün jurnalistlər, media peşəkarları peşə standartlarını, etik prinsipləri qorumaq, işlərində tətbiq etmək öhdəliyi daşıyırlar. Xəbər yayımı prosesində Uşaq Hüquqlari üzrəBeynəlxalq Konvensiyanın tələblərinə əməl edilməsi də bu sıradandır.
2. Media təşkilatları uşaq hüquqlarının pozulması, uşaqların təhlükəsizliyi, qorunması, təhsili, sağlamlığıvə sosial rifahı, bütün formalarda istismarı ilə bağlı problemləri qiymətləndirməlidirlər. Uşaqların özləri barədə informasiyanın konfidinseallığına tam hüquqları var, yeganə istisnalar bu bələdçidəaşkar ifadə edilir. Uşaqların həyatını və rifahını mövzu seçən jurnalistin fəaliyyəti, həmişə uşaqların həssas vəziyyətinin qiymətləndirilməsi ilə müşaiyət edilməlidir.
3. Jurnalistlər və media qurumları uşaq qayğıları ilə bağlı məlumat verilməsində ən yüksək etik standartları saxlamalıdırlar. Xüsusən də:
- Uşaqlarla bağlı problemlər barədə məlumat verərkən həssaslıq, dəqiqlik baxımından yüksək standartlara riayət etməli;
- uşaqlara zərər yetirəcək məlumatların, təsvirlərinnəşrindən boyun qaçırmalı;
- uşaqları cəlb edən jurnalist materiallarının yayılması üçün sensasıyalı təqdimatların istifadəsindən boyun qaçırmalı;
- uşaqlarla əlaqəli istənilən informasiyanın nəşr olunması nəticəsində yaranacaq durumu diqqətlə təhlil etməli, uşaqlar üçün ziyanı azaltmalı;
- ictimai maraq tələb etməyincə, uşaqların vizual görüntülənməsindən və tanıdılmasından yayınmalı;
- öz fikirlərini ifadə etmək üçün uşaqlara mediadan istifadəhüququ verməli;
- uşaqlar tərəfindən çatdırılan məlumatın müstəqil yoxlanılmasına zəmanət verilməli, yoxlanılmanın uşağa təhlükə olmadan yerinə yetirilməsinitəmin etmək üçün xüsusi qayğı göstərməli;
- uşaqların qeyri-ənənəvi təsvirlərinin istifadəsindən boyun qaçırmalı;
- təsvirlərin əldə edilməsi üçün ədalətli, açıq və düzgün metodlardan istifadə etməli,onları uşaqların və ya məsul böyük şəxsin, himayəçi və ya baxıcısının razılığı ilə əldə etməli;
- Uşaqların maraqlarını təmsil etməyə niyyətli olan istənilən təşkilatın etimadnaməsini yoxlamalı;
- uşağın marağı tələb etməyincə, uşaqlara,valideynlərə və ya himayəçilərə uşaqların rifahını əhatə edən informasiya üçün ödəniş etməməli.
Jurnalistlər fəaliyyət göstərdikləri ölkələrdə hökümətləri tərəfindən BMT-nin Uşaq Hüquqları ilə bağlı Konvensiyasının yerinə yetirilməsi səviyyəsini araşdırmaq üçün tədqiqat aparmalıdırlar.
Media uşaqların vəziyyəti barədə yalnız hadisələr baş verəndə məlumat verməməli, bu hadisələrin yaranamasına gətirən prosesləri davamlı olaraq diqqətdə saxlamalı və məlumat verməlidir.
Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi
tərəfindən, Murad Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində yetkinlik yaşına çatmayanlar haqqında informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.