METBUAT.AZ

Ölkə

Naxçıvanın Dövlət Vergi Xidmətinə qəbul üçün test imtahanı

7 sen 2023 16:20

Sentyabrın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır və 3 saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş edilib. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

“İmtahana buraxılış vərəqəsi".

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 3 binada təşkil olunacaq. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 42 nəzarətçi‑müəllim, 5 buraxılış rejimi əməkdaşı ayrılıb.


metbuat.az.