7 sen 2023 11:52
"Yeni ödənişli yollar ödənişsiz yolları baxımsız hala gətirməməlidir".
Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O hesab edir ki, ödənişli yoldan istifadə edənlərin sayı artırmaq digər- alternativ olan ödənişsiz yolların baxımsız hala gətirməsinə səbəb olmamalıdır.
"Yeni salınan Bakı–Quba–Rusiya avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsini müsbət dəyərləndiririk. Bunun bir çox aspektlərdə ciddi faydaları olacaqdır. Amma sərhədlər açılmasa bu yolun rentabelli fəaliyyəti sual altında qala bilər. Hazırda ölkədə ikinci ödənişli yol kimi Bayıl və Zığ qəsəbələrini Xəzər dənizi üzərindən birləşdirən ödənişli yolun tikintisinə daha çox ehtiyac var. Bakının avtomobil sıxlığını, Bayıldan Zığa aparan küçələrin əsasən alternativsiz olduğunu nəzərə alsaq, bu layihə paytaxtın “rahat nəfəs alması” üçün önəmli layihə olardı."
Ekspert qeyd edib ki, sürücülərin saatlarla tıxacda itirdikləri zaman bir yana, itirdikləri yanacağın kiçik bir hissəsi müqabilində ödəniş etməklə hər tərəfli faydalanmaqla bərabər eyni zamanda layihəyə çəkilmiş xərc asanlıqla geri dönə bilər.
"Ən əsası isə bu dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarına ən ciddi töhfə olar.Əsas məsələ odur ki, ödənişsiz yollar baxımsız saxlanılmamalıdır. Əks halda bu ödənişli yoldan istifadə edənlərin də sayının artırılması üçün insanların haqqına girmək olar. Bu isə nə hüquqi baxımdan, nə də mənəvi baxımdan yolverilməzdir".