METBUAT.AZ

Siyasət

Ombudsman hərbi qulluqçumuzun minaya düşməsi barədə

11 sen 2023 10:54

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Ordusunun hərbi qulluqçusunun minaya düşməsi barədə məlumat yayıb.

Ombudsman Aparatından Metbuat.az-a verilən xəbərə görə, məlumatda deyilir:

"Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minalar insanların həyatına təhlükə yaratmaqda davam edir.

Belə ki, sentyabrın 10-da Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəyyam Eminov Ağdam ərazisində bölmələrimizin təminat yolunda qanunsuz erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət almışdır.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan tərəfi minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təhvil verməkdən hələ də boyun qaçırır.

Beynəlxalq ictimaiyyətin, nüfuzlu beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana təsir göstərməməsi onların bu cür təxribatlar törətməkdə davam etməsinə, nəticədə çoxsaylı insan itkisinə və ya ağır xəsarətlərə səbəb olmaqdadır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, Ermənistanın bu təxribatlarını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti hərbi qulluqçularımızın, eləcə də mülki şəxslərin həyatına təhlükə yaradan mina terrorunun qarşısının alınması və dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıram".


metbuat.az.