22 sen 2023 17:30
"Ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edilir, şəhər və kəndlərimiz erməni silahlı birləşmələrindən təmizlənir".
Metbuat.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 22-də İraq Parlamentinin millət vəkili, Nümayəndələr Palatası Xarici əlaqələr komitəsinin sədr müavini doktor Cabbar Əl Kənaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Şeyxülislam Azərbaycanla İraq arasında tarixi köklərə söykənən qardaşlıq münasibətləri barədə danışıb, dini və mənəvi əlaqələrin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb.
Görüş zamanı A.Paşazadə Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı barədə də danışıb: “Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qətiyyəti, Ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edilir, şəhər və kəndlərimiz erməni silahlı birləşmələrindən təmizlənir. Xalqımız bu yolda şəhidlər verib və bu gün də verməkdədir. Allah-Təaladan şəhidlərimizə rəhmət diləyir, yaralı əsgər və zabitlərimizin tezliklə şəfa tapmaları üçün dualar edirəm”.
QMİ sədri Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İraq dövlətinə və xalqına minnətdarlığını bildirib: “Həm 44 günlük Vətən savaşında, həm də son günlər keçirilən əməliyyatlarda dostlarımızın siyasi və mənəvi dəstəyi bizim üçün çox önəmlidir. İraqın beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsini xalqımız yüksək dəyərləndirir”.