METBUAT.AZ

Siyasət

Professoru qovub yerinə mərsiyəxanı gətirdilər -

7 sen 2023 13:31

Son günlər İran KİV-ləri İslam Respublikasının ən mühüm universitetlərində müəllimlik vəzifələrinin təbliğatçılara və ekstremistlərə verildiyi ilə bağlı məlumatlar paylaşırlar. İddialara görə, universitetdən ayrılan müəllimlərin əvəzinə hökümət mollaları təhsilə gətirməyə başlayıb.

İranda savadsızlıq səviyyəsi ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Mərkəz Partiyasının üzvü, Güney azərbaycanlı ekspert Elyar Kamrani bildirdi ki, İranda həmişə siyasətdə olanların fikirləri ilə müəllimlərin düşüncələri üst-üstə düşməyəndə onları təhsil ocaqlarından uzaqlaşdırırlar:


“İranda ali təhsil müəssisələri tamamilə dövlətə bağlı olaraq fəaliyət göstərməlidir. Tarixdən bildiyiniz kimi, Ruhullah Xomeynidən başlayaraq Əli Xameneyiyə qədər heç vaxt universitetlərin mövcudluğuna xoş baxmayıblar. Hətta Xomeyni deyirdi ki, İranın başına nə gəlirsə çox universitetlərdən gəlir. Bu universitetlərin qapısını birdəfəlik bağlamaq lazımdır.

İnqilabdan sonra bir müddət qapıları bağlı qalan universitetlər daha sonra açılsa da dövlətin nəzarəti altında qaldı. İran ali təhsil ocaqlarından müəllimlərin, professorların çıxarılması faktı hər zaman olub. Son günlərdə professorların universitetlərdən qovulması və müəllimlərin həbs dalğasına səbəb isə, İranda davam edən aksiyalarda daha çox ali təhsil ocaqlarının tələbələrinin və müəllimlərinin iştirak etməsi, onların xalqın içərisində apardığı təbliğatlardır”.

Məlumata görə, Xamneyinin sevimli pərəstişkarlarından biri olan molla Səid Haddadian Tehran Universitetinin Ədəbiyyat fakültəsinin magistratura pilləsində dərs deyəcək. Bu faktı təsdiq edən Elyar Kamrani vəziyyətin olduqca gülünc olduğunu bildirdi:

“Yas mərasimlərində mərsiyyə deyən, İran rəhbərliyinin şəninə təriflər söyləyən, elmdən uzaq bir adamı gətirib magistratura pilləsində dərs deməyi öhdəsinə veriblər. Bu İran təhsilinin gülməli və dəhşətli mənzərəsidir.O nlar mollaxanalarda apardıqları “təlim üsulu”nu universitetlərə də təbliğ edirlər. İran dövləti özünü qorumaq üçün təhsil müəsissələrini bağlamağı hədəf seçib. Bu yaxınlarda Güney azərbaycanlı müəllim Sara Məlikan Tehranın "Əmir Kəbir" Universitetindən qovulub. Çünki müəllim və tələbələrin repressiyalarına qarşı çıxırmış. 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən çox sayda müəllim universitetlərdən qovulub. Bu yolla molla rejimi ölkənin daxili siyasətində baş verənlərə müdaxilə etmək istəyir.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.