25 sen 2023 09:31
Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı Direktorunun müşaviri təyin olunub.
Metbuat.az "Report"a istinadla xəbər verir ki, bu barədə o, özü məlumat verib.
"Bu gündən fəaliyyətimi ABŞ-ın paytaxtı Vaşinqtonda - IMF-in İcraçı Direktorunun müşaviri kimi davam etdirərək Fondun İdarə Heyətində (IH) Azərbaycanı təmsil edəcəyəm. BMT sisteminə daxil olan və 190 üzv ölkəni əhatə edən bu qlobal təşkilatın əsas məqsədi dünyada dayanıqlı artımın, iqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldilən siyasətlərin təşviq olunmasıdır. İnanıram ki, yeni missiyam Fondda ölkəmizin maraqlarını layiqincə təmin etməyimə və Azərbaycanda aparılan iqtisadi islahatlara daha çox töhfə verməyimə imkan yaradacaq. Digər tərəfdən də, IMF-in İH-nə qoşulmaqla qlobal qərarvermə prosesinin iştirakçısı kimi dünya iqtisadiyyatında sabitliyin və dayanıqlı artımın təmin olunmasına töhfə vermək olduqca maraqlı təcrübə olacaq", - deyə R.Həsənov qeyd edib.