METBUAT.AZ

Siyasət

Rusiya-Ukrayna müharibəsində kim udacaq, kim uduzacaq? -

19 sen 2023 14:02

Kreml mediaya Ukrayna prezidenti Vladimir Zelenskini prezident kimi adlandırmağı qadağan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın müxalif “Xolod” nəşri yazıb. Məlumatlara görə, bir çox tanınmış agentliklər yeni qərara qarşı birmənalı münasibət sərgiləməyiblər.

Qeyd olunub ki, mediyaya Vladimir Zelenskinin fəaliyyətini işıqlandırarkən ya onun mövqeyini ümumiyyətlə qeyd etməmək ya da “Zelenski rejimi” ifadəsini işlətmək təklif edilib. Bu qərara qarşı çıxanları isə işdən çıxarmaqla hədələyiblər.

Bu arada Ukrayna qoşunları Donetsk vilayətinin Baxmut şəhərinin cənubunda uğurlu hücum əməliyatı həyata keçiriblər. Ukrayna Silahlı Qüvvələri Andreevka və Kleşçevkanın azad edilməsi zamanı 72-ci motoatıcı briqada, 31-ci qvardiya hava-desant briqadası və 83-cü qvardiya hava-desant briqadasının bölmələrini tamamilə məhv edib.

Son məlumatlara görə, Rusiya Federasiyasının müharibənin başlanğıcından bəri ümumi döyüş itkilərinin sayı təxminən 272 940 nəfər təşkil edir.

Ukraynanın son iki ayda əks-hücum əməliyyatlarını sürətləndirdiyini deyən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov Metbuat.az-a bildirdi ki, hazırda davam edən döyüş əməliyyatlarının o qədər də ciddi nəticələr verəcəyini demək mümkün deyil.


“Rusiya kimi böyük dövlətin ordusuna qarşı əks-hücum əməliyyatının aparılması o qədər asan məsələ deyil. Amma hər halda Qərbin hibrid müharibədə silah-sursat, hərbi texnika və informasiya, kiber təhlükəsizlik sahəsində dəstəyi var. Bunları nəzərə alaraq hesab edirəm ki, müharibə hələ ki, davam edəcək. Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün cəhdlər etsə də, heç bir tərəf razılaşmadı. Görünür, bu proses hələ uzun müddət davam edəcək”.

Politoloq qeyd etdi ki, nə qədər də Qərb Ukraynaya dəstək versə də bu kifayət qədər sayılmır. İl yarım ərzində Ukraynaya 80 milyard dollara qədər Qərb ölkələrinin yardım etdiyini vurğulayan ekspert yekun nəticə əldə olunana qədər tərəflər arasında müharibənin davam edəcəyi qənaətindədir.

Rusiya tərəfindən vəziyyəti şərh edən siyasi ekspertlərin fikirlərinə görə, Rusiyanın Ukraynadakı mümkün məğlubiyyətinin həlledici səbəbi texnika deyil. Ümumiyyətlə müharibənin bu uzanmasının bir neçə əsas səbəbi var.

Məsələ ondadır ki, Rusiya Ukrayna ilə müharibənin məhz İraq və Suriyadakı müharibə kimi beynəlxalq gündəmdən düşəcəyini və diqqətdən kənarda qalacağını hesab edirdi.

Qərbyönümlü analitiklər hesab edirlər ki, Rusiya Ukraynada müharibəni mənəvi cəhətdən uduzmaqla bərabər cəmiyyətini belə müharibədə haqlı olduğuna inandıra bilmədi. Belə olan halda isə Rusiyanın qalibiyyəti mümkün deyil.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.