METBUAT.AZ

Ölkə

Sabahdan Azərbaycanda bu qaydalar

30 sen 2023 10:11

Sabahdan taksilərlə bağlı qəbul edilən qaydalar qüvvəyə minir.

Metbuat.az xəbər verir ki, okyabrın 1-dən minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minir. Bu barədə “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, taksi sifarişi xidməti telekommunikasiya vasitələrindən istifadə etməklə, taksi minik avtomobili sifariş etmək istəyən şəxsdən sifarişi qəbul edib hamin daşımaları həyata keçirən şəxsə ötürülməsi ilə bağlı ödənişli xidmətdir. Taksi sifarişi operatoru taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar olacaq. Taksi sifarişi operatorları fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər.

Taksi sifarişi operatorları avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənəd və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilə və sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatın daşıyıcılarda olmalarına nəzarət etməlidirlər. Taksi sifarişi operatoru tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və müvafiq buraxılış kartı olmayan daşıyıcıya və ya sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağan ediləcək.

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi üçün hüquqi şəxs və ya fərdi sahibkar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə "Lisenziyalar və icazələr haqqında" qanun ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim etməlidir:

- sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsi;

- hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı şəhadətnaməsi;

- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin, o cümlədən taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər;

- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənəd və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilə;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi hallarda müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması barədə məlumat;

- taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;

- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;

- Lisenziyalar və icazələr haqqında" qanuna müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

Taksi sifarişi operatoru fəaliyyətinə icazə almaq istəyən hüquqi şəxslər və ya fərdi sahibkar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə "Lisenziyalar və icazələr haqqında" qanun ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim etməlidir:

- müraciət edən şəxsin internet informasiya ehtiyatı və taksi sifarişi operatoru fəaliyyəti üçün istifadə etdiyi bütün telekommunikasiya vasitələri, o cümlədən mobil tətbiqlər barədə məlumat;

- taksi sifarişi xidmətinin göstərilməsi üçün Azərbaycan Respublikasının ərazisində yerləşən filial və ya nümayəndəliyi barədə məlumat;

- Lisenziyalar və icazələr haqqında" qanuna müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edın sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunmalıdır).

Qeyd olunan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya müraciət edən şəxs tərəfindən təmin ediləcək.

İcazələr və onların əlavələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada veriləcək. İcazəni almış şəxs həmin icazəni çap edə və kağız daşıyıcıda istifadə edə biləcək.

İcazə verildikdə daşıyıcıya elektron qaydada avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən buraxılış kartı veriləcək. Buraxılış kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin daşımalarını həyata keçirmək üçün icazəyə malik olduğunu təsdiq edəcək. Buraxılış kartının hüquqi qüvvəsinin dayandırılması, bərpası, ləğvi və yeni buraxılış kartının verilməsi ilə bağlı inzibati icraat "Lisenziyalar va icazələr haqqında" və "inzibati icraat haqqında" qanunlara uyğun olaraq həyata keçiriləcək. Avtonəqliyyat vasitələrinin sayı artdıqda, yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar yeni buraxılış kartının verilməsi haqqında müraciət etməlidir. Yeni buraxılış kartının verilməsi haqqında müraciətə "Lisenziyalar və icazələr haqqında" qanunda nəzərdə tutulan qaydada və müddətdə baxılacaq.

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqələri, o cümlədən taksi sifarişi operatoru fəaliyyətinə icazə 7 il müddətinə veriləcək.

Avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edə biləcək. Məhdudiyyətlər tətbiq edilməzdən 60 (altmış) gün əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq əsasları göstərməklə, mediada məlumat verməlidir.

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetiriləcək. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi qadağan ediləcək.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.

Taksometr taksi minik avtomobilinin qət etdiyi məsafəni və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını təmin edən, taksi minik avtomobili üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi ölçü cihazı və ya proqram təminatıdır.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanunda taksi sifarişi operatoru yer almayıb. Taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamə verilmiş xüsusi razılığın (lisenziyanın) şərtləri sırasındadır. Xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən lisenziya verən dövlət orqanına taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalı idi.

Xüsusi razılıq (lisenziya) qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 il müddətinə verilirdi. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu “Yol hərəkəti haqqında” qanun ilə müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilib. Nəqliyyat xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomobil nəqliyyatı ilə daşımaların və ya avtonəqliyyat vasitələrinin müəyyən növləri üçün xüsusi razılığın (lisenziyanın) yaxud lisenziya kartlarının sayına məhdudiyyətlər tətbiq edilə bilərdi. Müvafiq icra hakimiyyəti orqanı məhdudiyyətləri tətbiq etməzdən 60 gün əvvəl mediada məlumat verirdi.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları xüsusi razılığa (lisenziyaya) malik olan daşıyıcılar tərəfindən metroloji yoxlamadan keçmiş taksometrin göstəriciləri üzrə, ödəniş əsasında yerinə yetirilirdi. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilirdi.

Sabahdan taksi minik avtomobillərinin sürücülərinə dair də yeni tələblər qüvvəyə minir.

Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanuna əsasən xüsusi hazırlığın təşkili və keçirilməsi Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Peşə Təhsili üzrə Dövlət Agentliyi qismində Elm və Təhsil Nazirliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin ediləcək. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan sənəd veriləcək. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı imzaladığı 18 avqust 2023-cü il tarixli fərmana əsasən, taksiylə sərnişin daşımalarına dair yeni tələblərin pozulmasına görə cərimələr 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları da olacaq.

İndiyə qədər qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb. Sabahdan qüvvəyə minəcək qanuna əsasən isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşir.

Belə ki, yeni rüsumların aşağıdakı kimi olacaq:

- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün - 125 manat

- bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat

- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi - 250 manat

- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 75 manat

- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi -3000 manat.


metbuat.az.