METBUAT.AZ

Siyasət

Sahibə Qafarova Fransa Milli Assambleyasının sədri ilə görüşüb

29 sen 2023 09:44

Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə spiker Sahibə Qafarova Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edib. O, deyib ki, Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir.

Spiker Sahibə Qafarova Fransa parlamentinin hər iki palatasının Azərbaycanla Ermənistan arasında normallaşmaya və sülh prosesinə mənfi təsir göstərən bir çox bəyanatlar, qətnamələr qəbul etdiyini xatırladaraq, deyib ki, bu sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olub, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alıb. Əvəzində, bütün bu addımlar ərazilərimizdə separatizmi dəstəkləyib və Ermənistanda revanşist qüvvələri cəsarətləndirib.

O həmçinin, Yael Braun-Pivetin 2023-cü ildə Ermənistana səfər etdiyini xatırladaraq, deyib ki, əgər fransalı spiker Ermənistandan sonra Azərbaycana da səfər etsəydi, Azərbaycanın mövqeyi ilə də tanış olmaq üçün yaxşı fürsət ola bilərdi. O, diqqətə çatdırıb ki, biz Fransanın 30 ildir ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, şəhərlərimizi, kəndlərimizi, tarixi və mədəniyyət abidələrimizi dağıtmasını pislədiyinin şahidi olmamışıq. Fransa Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşmiş, Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün düşmüş 1 milyon azərbaycanlının hüquqlarından heç vaxt danışmayıb.

Milli Məclisin sədri Fransa Milli Assambleyasının sədrinə Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi lokal antiterror tədbirləri haqqında da geniş məlumat verərək, deyib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif edib. Lakin Ermənistan üç ildir ki, bu müqaviləni imzalamaqdan boyun qaçırmaq üçün bütün vasitələrə əl atıb: siyasi və hərbi təxribatlar törədib, ərazilərin minalanmasını davam etdirib, əvvəllər əldə edilmiş razılaşmaları pozub, ərazilərimizdəki qanunsuz rejimi dəstəkləməyə davam edib.

Spiker Sahibə Qafarova artıq bir neçə aydır ki, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində qondarma “blokada”, “humanitar böhran” barədə bütün dünyaya çoxsaylı yalanlar yaydığını vurğulayaraq, xatırladıb ki, Ermənistanın Azərbaycanın həm Ağdam, həm də Laçın yollarından istifadə təklifindən imtina etməsi ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi təxribat olmuşdur.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə çağırış edib ki, ölkəmizin Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvəsinin və qeyri-qanuni separatçı rejimin mövcudluğu regionda sülh və sabitliyin əldə olunmasına əsas maneədir. Çünki bu qüvvələr bizim ərazilərimizdə hərbi təxribatlar törədirdilər. Sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak olub və yaralanıblar.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bütün bu təxribatlara cavab olaraq, Azərbaycan 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib. Bu zaman yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf olmuşdur. Mülki əhali və obyektlər heç vaxt hədəfə alınmayıb və hərbçilərimiz mülki yaşayış məntəqələrinə daxil olmayıblar. Spikerin sözlərinə görə, Ermənistan baş naziri də Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmamasını və onlara qarşı kütləvi zorakılıq törədilməsi ilə bağlı xəbərlərin doğru olmadığını etiraf edib.

Azərbaycan parlamentinin rəhbəri bir daha vurğulayıb ki, heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz.

Onun sözlərinə görə, bu gün Ermənistan silahlı qüvvələri tərksilah edilir, onların ərazilərimizdən çıxarılması prosesi davam edir. Həmin silahlı qüvvələrin minlərlə silahı və hərbi texnikası var. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq ictimaiyyətə onların ərazilərimizdən çıxarılmasının vacibliyi ilə bağlı çağırış edəndə haqlı idi.

Spiker Sahibə Qafarova Fransa parlamentinin rəhbərinə xatırladıb ki, Azərbaycan parlamentinin sədri kimi ona bu barədə bir neçə məktub göndərib. O, bu görüşdə də bir daha qeyd edib ki, Azərbaycan sülh və sabitlik istəyir.

Milli Məclisin sədri Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması ilə bağlı dialoq aparıldığını, qısa müddət ərzində Azərbaycan nümayəndələri ilə artıq Qarabağın erməni icmasının nümayəndələri arasında iki görüş keçirildiyini bildirib. Sahibə Qafarova deyib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır. Onların bütün hüquqları Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəlikləri çərçivəsində təmin ediləcək. Heç kim onları Qarabağdan getməyə məcbur etmir. Əgər kimsə getmək istəyirsə, bu, onun azad seçimidir və Azərbaycan onların hərəkət azadlığını və təhlükəsizliyini təmin edir.

Spiker Sahibə Qafarova görüşdə həmçinin, Azərbaycanın Qarabağın bu ərazisində infrastrukturun bərpasına başladığını, həmçinin sakinlərə ərzaq, dərman, yanacaq daxil olmaqla humanitar yardım göndərdiyini, Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın və Ağdam yolları ilə yardımlar apardığını bildirib.


metbuat.az.