1 sen 2023 14:02
Avqustun 30 və 31-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri 28 avqustda Azərbaycanda saxlanılan 3 şəxsə (ermənilərə) baş çəkib.
Metbuat.az xəbər verir ki, bu barədə komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
İ.Hüseynova bildirib ki, onlarla təkbətək görüş keçirilib və onlara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb.
Qeyd edək ki, keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də Ermənistan Respublikasının vətəndaşları - 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Erməni futbolçuları Azərbaycanın Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə təqsirli bilinib. Azərbaycan humanizm tətbiq edərək Laçında saxlanılan erməni futbolçuların cinayət təqibinə xitam verib. Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) - maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.
İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycanın hüdudlarından kənara çıxarılması təmin olunacaq.