METBUAT.AZ

Hadisə

Sumqayıtda marketdə başlayan eşq qadının başına

5 sen 2023 11:30

Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Əsəd tanışı İlhaməni (adlar şərti verilib – red.) fotoları ilə şantaj edib.

Metbuat.az Teleqraf.com-a istinadən xəbər verir ki, Əsəd İlhamənin haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, 21 fevral 2023-cü ildə ondan 300 manat pul tələb edib.

Həmin gün saat 13.40-da Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioneer” marketin yaxınlığında İlhamə ilə görüşüb və 300 manatı alan zaman Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər məhkum olunmayıb: “Zərərçəkmiş İlhaməni bir müddətdir tanıyıram. İlhamə geyim mağazasında işləyir, onunla həmin yerə alış-veriş üçün gedən zaman tanış olmuşuq. Bəzən mobil telefonda görüntülü danışmışıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, son zamanlar borcları əmələ gəldiyindən və anası xəstə olduğundan pula ehtiyac yaranıb: “Pul əldə etmək məqsədi ilə İlhamə ilə növbəti görüntülü danışıqlarımızdan birində onun telefonda olan görüntüsü əks olunan ekran şəklini çəkib özümdə saxladım. Daha sonra pul əldə etmək məqsədilə İlhaməyə guya fotoşəkillərinin məndə olduğunu, onları paylaşacağımı bildirdim, ona hədə-qorxu gəldim. Bunun müqabilində 300 manat lazım olduğunu bildirdim. İlhamə mənim təklifim ilə razılaşdı”.

Əsədin ifadəsinə görə, fevralın 21-də, saat 13.40-da İlhamə ilə əvvəlcədən razılaşdqları Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioneer market”in yaxınlığında görüşüb: “İlhamədən 100 manatlıq 3 əskinas aldım. Oradan uzaqlaşmaq istəyərkən mülki geyimli şəxslər mənə yaxınlaşdı və polis əməkdaşları olduqlarını bildirdilər. İlhamənin hədə-qorxu ilə pul tələb etməyim barədə müraciəti üzrə aparılan araşdırma ilə əlaqədar şübhəli bilindiyim üçün saxlandığımı dedilər. Məni polis idarəsinə dəvət etdilər.

Etiraz etmədim və polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinə gəldim. İdarədə təhqiqatçı mənə hüquqlarımı müdafiə etmək üçün dövlət hesabına vəkil təqdim etdi. Videoçəkiliş vasitəsilə üzərimdə axtarış keçiriləcəyi bildirildi. Baxış zamanı İlhamənin verdiyi pul aşkar edilərək götürüldü”.

Əsəd qeyd edib ki, İlhamədən cəmi bir dəfə pul tələb edib: “İlk dəfə anam xəstə olduğu üçün belə hərəkətə yol vermişəm. Bundan öncə bu kimi fəaliyyətlə məşğul olmamışam. Törətdiyim əməldən peşmanam və gələcəkdə bir daha belə qanun pozuntularına yol verməyəcəm.

2-ci Qarabağ - Vətən müharibəsi iştirakçısıyam. Qaziyəm, döyüşlərdə fərqləndiyimə görə medallarla təltif olunmuşam. Xəstə anam da mənim himayəmdədir. Zərərçəkmiş şəxslə barışmışam, məndən şikayəti yoxdur”.

İş üzrə zərərçəkmiş İlhamənin sözlərinə görə, təxminən 2 ildir Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində geyim mağazasında kassir işləyir: “Bir müddətdir ki, mağazaya müştəri kimi gəlib-gedən Əsəd adlı şəxslə tanışlığım yaranıb. Mağazada işləyən işçilərə mobil telefon işlətmək qadağan olunduğundan lazım olan vaxt mənim mobil telefonumdan zəng etmək üçün istifadə edilib.

Mağazada satıcı işləyən qadınlardan biri ilə Əsəd adlı şəxsin münasibətləri yarandığından həmin xanım bəzən onunla mənim mobil nömrəm ilə telefon əlaqəsi saxlayıb. Bu səbəbdən mənim mobil nömrəm Əsəddə olub”.

Zərərçəkmiş qeyd edib ki, bundan sonra onlar hərdənbir telefonla görüntülü danışmağa başlayıblar: “Bir müddətdən sonra Əsəd mənə bildirdi ki, telefonla danışarkən fotoşəkillərimi “screen” edərək özündə saxlayıb. Əsəd şəkillərimi sosial şəbəkələrdə paylaşacağı ilə hədə-qorxu gəldi, 300 manat tələb etməyə başladı. Bir neçə dəfə zəng edərək pul tələb etdiyi üçün təzyiqlərdən qorxduğum, ailəm ilə hər hansı problem yaranmasın deyə Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etdim.

Bundan sonra Əsədlə əlaqə saxladım və istədiyi 300 manatı ona verə biləcəyimi bildirdim. Verəcəyim 3 ədəd 100 manatlıq pul əskinaslarının nömrələri yazılaraq fotoşəkilləri çəkildi. Əsədlə fevralın 21-də, saat 13.40-da görüşdük. Əsəd məndən pulu alaraq oradan uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanıldı”.

Zərərçəkmiş bildirib ki, hadisədən sonra Əsəd ondan üzr istəyib, buna görə ona qarşı şikayəti yoxdur.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Əsədin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi ilə tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 2 il 11 ay 29 gün müddətinə şərti cəza təyin olunub.


metbuat.az.