METBUAT.AZ

İqtisadiyyat

Uçota alınan vergi ödəyicilərinin sayı

12 sen 2023 17:19

Cari il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 mln. 480 min 258 vergi ödəyicisinin 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Metbuat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3%, o cümlədən fiziki şəxslərin sayı 7,0%, hüquqi şəxslərin sayı 9,2% artıb. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 171 min 165 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 9,9% artım qeydə alınıb.

Cari ilin sentyabr ayının 1-nə tarixinə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,5%-i məhdud məsuliyyətli cəmiyyət, 1,3%-i səhmdar cəmiyyət, 1,1%-i kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 33 min 317 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,2% artım deməkdir.

Cari ilin avqust ayı ərzində 1458 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,1%-i yerli investisiyalı, 12,9 isə xarici investisiyalıdır. Bu ilin avqust ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 83,5%-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,4% təşkil edib. Cari ilin avqust ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 179 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70 vahid çoxdur.

Cari ilin avqust ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 52,6%, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 44,9% artıb.


metbuat.az.