METBUAT.AZ

Ölkə

"Ürəyimə dammışdı ki, şəhid olacaq" -

16 sen 2023 18:44

"Cəbrayılın şəhid olması xəbərini sosial mediada onun əsgər yoldaşları paylaşmışdı. Övladımın şəhid olduğu xəbərini qohumlarımdan eşitdim. O an artıq mən özümdə deyildim. Xəbəri eşidəndə keçirdiyim hisləri sözlə ifadə etmək mümkün deyil. Elə bir halda idim ki, oğlumla bağlı xəbərlərə baxa bilmirdim".

Metbuat.az "Tns.az"a istinadən bildirir ki, bu sözləri şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə müsahibəsində deyib. O, həmçinin qeyd edib:

"Oğlumla sonuncu dəfə onun ad günündə - 19 sentyabrda danışmışıq. Cəbrayıl mənə telefonla fotolar göndərmişdi. O, öz gələcəyi barədə danışırdı. Daha sonra müharibə haqqında üstüörtülü bir-iki söz dedi. Oğlumla telefon danışığımız zamanı səsini yazırdım. Çünki onun üçün darıxırdım. Mən Cəbrayılım üçün hər dəfə darıxanda telefonda oğlumun səsini dinləyirdim. Sanki ürəyimə dammışdı ki, oğlum şəhid olacaq".

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2001-ci ildə anadan olub. Qəhrəmanımız 2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib.

O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. Şəhid özünə ideal bildiyi general Polad Həşimovun yaxınlığında, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.


metbuat.az.