METBUAT.AZ

Elm və Təhsil

"Uşaqlıq arzum idi" - 52 yaşında tələbə olan

18 sen 2023 17:09

Bu il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunan 52 yaşlı Sevda Hüseynzadə ilə bağlı xəbər sosial şəbəkələrdə maraqla qarşılanıb. O, əvvəllər də ali məktəbə qəbul imtahanında iştirak etsə də, ilk dəfə uğur qazana bilib.

Metbuat.az bildirir ki, “Qafqazinfo”ya açıqlama verən S. Hüseynzadə jurnalist olmağın uşaqlıq arzusu olduğunu deyib:

“Bu mənim ilk ali təhsilimdir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə ödənişli əsaslarla qiyabi qəbul olunmuşam. Əvvəldən BDU-nun jurnalistika fakültəsində oxumaq xəyalım idi. Amma məktəbi qurtardıqdan sonra ilk cəhdim uğursuzluqla nəticələndi. O zaman, 90-cı illərin əvvəlləri çətin dövr idi, insanlar təhsilə o qədər də önəm vermirdilər. Ailəm məni nişanladı. Sonra ailə qurdum, uşaqlarım oldu. O vaxt test üsulu çıxmışdı, istədim o üsulla yenidən imtahan verim. Amma uşaqlarım balaca idi, həyat yoldaşım icazə vermədi.

O arada şeirlər, kiçik məqalələr yazırdım. Düşündüm ki, təhsilim olmalıdır. Pandemiya dönəmində imtahan verdim. Lazım olan balı toplasam da, qabiliyyət imtahanından keçə bilmədim. Bu dəfə də bəxtimi sınamaq qərarına gəldim və bu il qabiliyyət imtahanını da uğurla verib BDU-nun tələbəsi oldum”.

S. Hüseynzadə özü müstəqil hazırlaşdığını, repetitor yanına getmədiyini deyir:

“245 bal toplamışdım. Ancaq özüm səhər-axşam imkanım olanda hazırlaşırdım. İmtahanda həyəcan da var idi. Uşaqların test təcrübəsi olur, məndə bu təcrübə də yox idi. Ona görə də bəzi suallarda zəif ola bilərəm.

Hazırda qızım da tələbədir, Memarlıq və İnşaat Universitetində təhsil alır. Oğlum da kibertəhlükəsizliklə bağlı kurs bitirib, xaricdə təhsil almaq üçün hazırlaşır. Mən Şəkidənəm, hazırda uşaqlarımın yanında Bakıda qalıram. Onlara evdə dəstək oluram. Fikrim var ki, qiyabi təhsil alaraq çalışım, universitetin təhsil haqqını özüm ödəyim. İkinci məqsədim odur ki, təhsilimi bitirəndən sonra magistratura təhsili də alım. Öyrənməyin yaşı yoxdur. Uşaqkən xəyal edirdim ki, diktorlar kimi ekranda olum, televiziya verilişləri aparım. Hazırda yolum açılıb. Ümidvaram ki, öhdəsindən gələrəm”.


metbuat.az.