9 sen 2023 14:45
Bir il əvvəl Rusiyadan Qarabağa göndərilən Ruben Vardanyan son açıqlamasında ilk dəfə deyib ki, Ermənistan hakimiyyəti dəyişdirilməlidir.
Metbuat.az xəbər verir ki, vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Ruben Vardanyan Qarabağda istədiyinə nail olmadıqdan sonra gözünü Ermənistana dikib, qonşu dövlətdə hakimiyyət dəyişikliyində iştirak etmək istəyir.
"Vardanyan baş nazir Nikol Paşiyanın adını çəkmədən onu bacarıqsızlıqda və qeyri-peşəkarlıqda ittiham edib. Vardanyan Paşinyanın hakimiyyətdə olduğu 5 ildə ermənilərə verdiyi heç bir vədi yerinə yetirmədini söyləyib. Vardanyan buna görə Paşinyanı devirmək istəyən bütün qüvvələrə dəstək verəcəyini ilk dəfə bəyan edib. Elə Kremlin bir il əvvəlki planı beləydi ki, Ruben Vardanyanı Qarabağa göndərirlər, o burada Araik Arutunyanı əvəz edir, mövqeyini möhkəmlətdikdən sonra Ermənistana keçir və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırır. Vardanyan Moskvanın ümidlərini doğrultmadı. Kremlin və Vardanyanın planlarını Bakı pozdu. Buna baxmayaraq, Ruben Vardanyan Ermənistanda hakimiyyətə yiyələnmək hikkəsindən əl çəkməyib".
Qeyd edək ki, Ruben Vardanyan Ermənistanda Konstitusiyanın dəyişməsi ilə bağlı da açıqlama verib. O hesab edir ki, bu yolla təhlükəsizlikləri təmin edə bilərlər.
"Bəli, mən bütün sağlam qüvvələrlə birləşməyə və Ermənistanda hakimiyyətin tezliklə dəyişdirilməsini dəstəkləməyə hazıram”, - deyə Ruben Vardanyan qeyd edib.