15 sen 2023 15:39
"İlk növbədə, qeyd olunan dinləmələrin təşəbbüskarı və təşkilatçısının ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən, ermənipərəst senator Robert Menendez olduğu məlumdur. Sözügedən senatora qarşı korrupsiya ittihamlarının mövcud olduğu və istintaq prosesinin aparıldığı bir dövrdə, bu şəxsin hələ də erməni diasporunun radikal nümayəndələrinin saxta iddialarını əsas götürməklə Azərbaycana qarşı fəaliyyətlə məşğul olması qeyd edilən şəxs üçün siyasi etik qaydaların yad məfhum olduğunu növbəti dəfə sübut edir".
Metbuat.az xəbər verir ki, bu barədə XİN mətbuat katibi Ayxan Hacızadə "14 sentyabr tarixində ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kim tərəfindən Ermənistan və Azərbaycan arasında hələ də müharibənin bitmədiyi, Laçın yolunun “blokada”da olması, “Dağlıq Qarabağın erməni xalqı”na qarşı hərbi hücumun qəbuledilməzliyi və onların hüquq və təhlükəsizliyinin sülh sazişində öz əksini tapmasının vacibliyi barədə bir sıra fikirlər səsləndirib" sualına cavabda deyib.
O bildirib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin səsləndirdiyi, ümumiyyətlə post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqları əks etdirməyən fikirləri isə sadəcə məyusluq doğurur.
"Bu fikirlər, 1 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Antoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda istifadə məsələsində razılaşma ilə ziddiyyət təşkil etməklə yanaşı, təəssüf ki, özündə Ermənistanın Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyasının elementlərini ehtiva edir. ABŞ tərəfinin də vasitəçiliyi ilə icra edilməsi nəzərdə tutulan bu razılaşmanın Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən pozulması və bununla “blokada və humanitar vəziyyət” ilə bağlı iddiaların əsassız olduğu ABŞ tərəfinə yaxşı məlumdur.
Ermənistan və Azərbaycan arasında müharibənin bitmədiyini iddia edən xanım Kimə xatırlatmaq istərdik ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatdan sonra tərəfimizdən hər iki dövlətin ərazi bütövlüyü və suverenliyi əsasında qarşı tərəfə sülh təklif edilib. Azərbaycanın təşəbbüsü ilə başlayan, beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi ətrafında ikitərəfli danışıqlar prosesinin mövcudluğu post-müharibə və post-münaqişə dövrünün təməl prosesidir.
Təəssüf ki, müharibə və münaqişə bitsə də, bitməyən və bölgədə sülh və sabitliyə əngəl törədən Ermənistanın 30 ilə yaxın işğal dövründə olduğu kimi danışıqların imitasiyası və davamlı hərbi-siyasi təxribatlar ilə məşğul olmasıdır. Bu baxımdan, 30 illik münaqişədən sonra yaranmış tarixi fürsətin danılması yerinə, Ermənistanın törətdiyi təxribatların dayandırılmasının, ən əsası isə Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizi dərhal tərk etməsinin tələb olunmasının vacib və ədalətli olduğuna inanır və ABŞ tərəfini bu mövqedən çıxış etməyə çağırırıq.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı “Dağlıq Qarabağın erməni xalqı”nın hüquq və təhlükəsizliklərinin sülh müqaviləsində öz əksini tapmasına istinad edilməsi, özündə Ermənistanın məqsədyönlü şəkildə ərazilərimizdə separatizmi təşviq məqsədilə istifadə etdiyi terminologiyanı ehtiva etməklə ərazi bütövlüyümüz və suverenliyimizə zidddir. Eyni zamanda, bu istinad Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində həmin bölgədən didərgin düşən Azərbaycanlıların da hüquqlarına hörmətsizlikdir. Hal-hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin heç də həmin bölgənin əhalisinin bütün seqmentlərini təmsil etmədiyini qarşı tərəfə xatırlatmaq istərdik.
“Hərbi hücum” iddiası ilə bağlı isə Ermənistandan fərqli olaraq, Azərbaycanın heç vaxt mülki əhaliyə qarşı güc tətbiq etmədiyini vurğulayaraq, əksinə milli səviyyədə erməni sakinlərimizin cəmiyyətimizə reinteqrasiyası sahəsində tədbirlərin görüldüyü, bu istiqamətdə Ermənistan və onun qondarma qurumu tərəfindən törədilən maneələrə baxmayaraq, qərarlı olduğumuzu bildiririk. Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir və daxili işlərimizə müdaxilə qəbulolunmazdır.
ABŞ tərəfinin timsalında beynəlxalq ictimaiyyətə, Ermənistanın qarayaxma kampaniyasına uymayaraq, bölgədə qeyri-sabitliyə töhfə verən bu kimi addımların bir parçası olmamağı tövsiyə edirik", - Ayxan Hacızadə deyib.