11 sen 2023 11:27
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində aorta koranar şuntlama (AKŞ əməliyyatı) icra olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Klinika məlumat yayıb.
Belə ki, Yeni Klinikaya müraciət edən 1952-ci il təvəllüdlü Rəşid Məmmədovun (xəstənin razılığı ilə məlumatlar təqdim edilir) angioqrafiya müayinəsi olunduqdan sonra ürək damarlarında ciddi tıxanıqlıq (LMCA-80%,LAD-98%,RCA-100%,CXOM1-70%) müşahidə edilib.
Müayinədən dərhal sonra ürəyin yığılma gücü EF-30-35% olan xəstənin əməliyyata alınmasına qərar verilib.
Açıq ürək əməliyyatına alınan xəstəyə ürək-damar cərrahları Opr.dr.Nicat Süleymanov və Opr.Dr.Nihad Süleymanzadə və komandası tərəfindən aorta koranar şuntlama əməliyyatı icra olunub.
Uğurla həyata keçirilən AKŞ əməliyyatından sonra xəstənin ürəyində olan problem aradan qaldırılıb.
Qeyd edək ki, 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sisteminin tətbiq olunduğu “Yeni klinika” tibb müəssisəsində aorta koranar şuntlama (AKŞ əməliyyatı) ilk dəfə olaraq həyata keçirilib.