22 sen 2023 16:48
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq paytaxt yollarında əvvəlcədən gözlənilən sıxlıqlarla bağlı ictimaiyyət arasında tərəfimizdən geniş təbliğat işləri aparılıb. Vətəndaşlarımıza yollardakı sıxlığın təbii səbəbləri ilə yanaşı, nəzərdə tutulmuş yol hərəkəti qaydalarına, xüsusilə də dayanma-durma tələblərinin pozulması, əsasən də valideynlər, universitetlərdə təhsil alan tələbələr, təhsil ictimaiyyətinə yollarda hərəkətin intensiv olduğu şəhərimizdə yol hərəkəti qaydalarına xüsusi diqqət yetirməyi biz öz tərəfimizdən mütəmadi olaraq çatdırmışıq.
Metbuat.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli yeni tədris ili başlayandan sonra paytaxt yollarında avtomobil tıxaclarının artmasının qarşısının alınması ilə bağlı görülən işlərdən danışarkən deyib.Qeyd olunub ki, yol hərəkəti qaydalarına nəzarət mexanizmləri qanunla qüvvəyə mindikdən sonra xüsusilə dayanma-durma qaydalarını pozanlarla bağlı şəhərin nəqliyyat dəhlizlərində, eyni zamanda, təhsil müəssisələrinin yerləşdiyi ərazilərin ətrafında nəzarət tədbirləri gücləndirilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxt yollarında sıxlığın azalması, yaxud artmasına dair vəziyyəti müqayisə edən baş inspektoru deyib: “Ümumi vəziyyətdə deməzdim ki, sıxlıqlar tam azalıb. Çünki bu il ümumilikdə respublikada avtomobil sayı 1 milyon 700 minə yaxınlaşıb, onun da 70 faizi paytaxt ərazisində idarə olunur. Təbii ki, bu da xüsusilə günün pik və səhər saatlarında şəhərin giriş hissələrində, onun mərkəzi küçə və prospektlərində hiss olunur. Saat təxminən 10:00-dan 11:00-dək yollarda hərəkət artıq demək olar ki, sabitləşir.
Lakin vətəndaşlarımızdan əsas xahişimiz və eyni zamanda tələbimiz bundan ibarətdir ki, bu qədər sıx hərəkətin təşkil olunduğu şəhərdə onun mühitini tam düzgün qiymətləndirərək lazımi tədbirlər görsünlər. Yəni biz vətəndaşlarımızdan məsuliyyətli olmağı mütəmadi şəkildə onların diqqətlərinə çatdırırıq”.