11 sen 2023 17:19
Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin impiçmenti üçün atılan imzaların həqiqiliyini təsdiqləyib və impiçment prosesi başlayıb.
Metbuat.az xəbər verir ki, bunu bu gün ölkə parlamentinin Prosessual Məsələlər və Qaydalar Komitəsinin iclası zamanı Komitə sədri İrakli Kadagişvili məlumat verib.
Qeyd edək ki, bir müddət öncə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze prezidentin impiçmenti ilə bağlı vəsatətin 11 sentyabrda məhkəməyə göndəriləcəyini bildirmişdi. “Yoxlama nəticəsində 80 deputatın imzasının həqiqiliyi müəyyən edilib və imzaların həqiqiliyi deputatlarla birbaşa əlaqə vasitəsi ilə təsdiqlənib”, –Komitənin rəyində bildirilib. Bunun ardınca rəy, onu Gürcüstan Konstitusiya Məhkəməsinə təqdim etmək səlahiyyəti olan şəxslərə göndəriləcək. Qeyd edək ki, Prezident Salome Zurabişvili hökumətin razılığını almadan Avropaya səfər edərək bir sıra ölkələrin liderləri ilə görüşüb.