12 okt 2023 10:14
Xəbər verdiyimiz kimi, ötən gecə Hacıqabulun Navahı qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı hadisənin taxta konstruksiyalı yataqxanada tək yaşayan 80 yaşlı Mütəllim Mahmudovun evindən başlaması məlum olub.
Belə ki, tənha yaşayan M.Mahmudovun evindən başlayan yanğın qısa vaxtda bitişik digər evə keçib. 10 dəqiqə ərzində bütün mənzilləri bürüyən yanğın zamanı qonşu evdə yaşayan Elçin Sadıqov özünü son anda çölə ataraq xilas ola bilib.
Lakin onun 11 yaşlı oğlu Elgün, 13 yaşlı qızı Zəhra, həyat yoldaşı, 42 yaşlı Aybəniz Abışova və həmin gün onlara qonaq gəlmiş qayınanası 73 yaşlı Sara Abışova yanaraq ölüb. Həmçinin yanğının başladığı evin sahibi olan 80 yaşlı kişi də hadisədə həyatını itirib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.