2 okt 2023 15:27
Azərbaycanın Türkmənistana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov etimadnaməsinin surətini Türkmənistan Nazirlər Kabinetinin sədr müavini - xarici işlər naziri Rəşid Meredova təqdim edib.
Azərbaycanın Türkmənistandakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, görüş zamanı R.Meredov yeni təyinatı ilə bağlı səfiri təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji münasibətlərdən danışaraq bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini vurğulayıb və yeni səfirin fəaliyyəti dövründə bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
Səfir Qismət Gözəlov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün sahələr üzrə strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.
Tərəflər görüş zamanı Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparıblar.