2 okt 2023 15:25
Azərbaycanda rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları müəyyən edilir.
Metbuat.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsinin layihəsində əksini tapıb.
Bu Məcəllədə rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması dedikdə aşağıdakılar nəzərdə tutulur:
- ardıcıl 12 (on iki) ay ərzində istənilən dövr aralığında müvafiq bazarın şəxslər qrupuna daxil olmayan subyektlərinin sayının 10 faiz və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi;
- ardıcıl 12 (on iki) ay ərzində istənilən dövr aralığında hökmran mövqedə olmayan təsərrüfat subyektlərinin birgə bazar payının 50 faiz və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi;
- digər təsərrüfat subyektlərinin müvafiq bazara daxil olmasının qarşısının alınması;
- müvafiq bazarda təsərrüfat subyektlərinin bazar paylarının 90 faizinin 6 (altı) aydan çox olan müddətdə dəyişməz qalmasına gətirib çıxaran hərəkətlərə yol verilməsi.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.