25 okt 2023 11:23
2022-ci il üzrə doğumu qeydə alınmış 122846 nəfərdən 64940-ı oğlan, 57906- sı isə qızdır.
Metbuat.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatına əksini tapıb.
Qeyd edilib ki, ailələrdə hökm sürən cinsi ayrı-seçkiliklə müşayiət olunan digər problemlərdən biri də uşaqların doğulanadək cins seçiminə məruz qalmasıdır.
Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir.
2022-ci il ərzində ümumi abortların sayı 31747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46877 olub.
BMT-nin Əhali Fondunun demoqrafik təhlillərinə görə, cinslər arasında bioloji norma hər 100 qıza 102-106 oğlan nisbətindədir. Bioloji normanın pozulması cəmiyyətdə ciddi təhlükələrə gətirib çıxarır. Bu nöqteyi-nəzərdən selektiv abort fiziki və psixoloji zorakılığın ciddi aspektləri ilə müşayiət olunan ayrı-seçkiliyin bariz nümunəsidir.